Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Nine Senses"in şəhər filialı "Donmuş an" sərgisi ilə fəaliyyətə başladı
"Sea Breeze"də uğurlu fəaliyyətindən sonra "Nine Senses" sərhədlərini genişləndirir: 20 mart tarixində yeni şəhər filialı fəaliyyətə başlayıb.
"Nine Senses"in koordinatoru Nəzrin İsmayılzadə Oxu.Az-a açıqlamasında bildirib ki, "Nine Senses"in üç əsas istiqaməti var:
"Bunlar ruh, bədən və zehindir. Bu üç istiqamətdə biz fərqli təcrübələr və dərslər təqdim edirik. Bizim ilk filialımızda yoqa dərsləri, kino, müzakirələr, incəsənətin əksər sahələri var idisə, yeni filialımıza yeni istiqamətlər əlavə etmişik. Bunlardan biri "handpan" musiqi alətləri üzrə dərslərdir. Bundan əlavə, "MayChay"da ənənəvi Çin çay mərasimləri keçirəcəyik. Bu da çox maraqlı bir təcrübədir. Əsas istiqamətimiz isə müasir incəsənətdir. Bu gün Şərqiyə Rəhmanlının "Donmuş an" sərgisi ilə filialımızın açılışını etdik. Bu sərgi "Barza Collection" ilə əməkdaşlıq çərçivəsində açılır. Bu, bizim ilk əməkdaşlığımızdır, amma ümid edirik ki, son əməkdaşlığımız olmayacaq. Bu sərgidə hisslər və düşüncələr bir əsərdə cəm olub və bu əsərləri hisslərlə yaşamaq lazımdır".
"Təbii ki, digər maraqlı istiqamət müzakirələr və mühazirələrdir. Bizdə incəsənət haqqında çoxlu mühazirələr olacaq. İndi bir çox insan hədiyyə olaraq materialist əşyalara üstünlük verir, amma biz o ideyanı təbliğ etmək istəyirik ki, incəsənət əsərləri də hədiyyə üçün çox gözəldir. Bu məsələni inkişaf etdirmək üçün görüşlər keçirəcək, müzakirələr aparacağıq. Həmçinin, mərkəzimizdə kino və ədəbiyyat klubları da olacaq ki, bu da böyüklərlə yanaşı, uşaqlar üçün də təşkil olunacaq", - deyə müsahibimiz əlavə edib.
Rəssam Şərqiyə Rəhmanlı isə Oxu.Az-a açıqlamasında əsərlərinin birbaşa təbiətlə, səs dalğaları ilə əlaqəli olduğunu deyib:
"Hər əsər mənim daxili vəziyyətimi özündə təsvir edir, təbiətin gözəlliyindən, səs dalğalarından və s. bəhs edir.
Yəni hər rəsmim həyatımın müəyyən bir seqmentidir, təcrübələrimə əsaslanır. Bunu yaşamaq lazımdır. Çünki bu əsərlər insanlarda çox dərin duyğular yaşatmaq üçündür.
Yəni bu əsərlər sözlə ifadə olunsun deyə yox, hiss etmək üçün ərsəyə gəlib".