Oktyabrın 21-dən dekabrın 15-dək "Nine Senses Sea Breeze" məkanında 40 müasir azərbaycanlı rəssamın 50 əsərini birləşdirən "Planetin vəhşi ürəyi" sərgisi keçiriləcək.
Oxu.Az xəbər verir ki, ekspozisiya "Fly to Baku. Art Weekend. Sense the Future NOW" layihəsi çərçivəsində təqdim olunacaq.
Sərginin kuratorları Natalya Jukova və Fərid Rzayevdir.
Təbiət insan dilində danışmasa da, incəsənət vasitəsilə öz səsini duyurur. İqlim dəyişikliklərinin sürətləndiyi bir dövrdə yerli ekoloji problemlər artıq yalnız ayrı-ayrı regionların məsələsi deyil, qlobal məsuliyyətin mühüm hissəsidir.
Ekspozisiya Qafqazın qorunmağa ehtiyacı olan nadir və həssas fauna növlərinin - "Böyük Qafqaz beşliyi"nin bədii təqdimatına həsr olunub. Bu nadir növlər Yer kürəsinin digər canlıları ilə vizual və məna baxımından dialoqa girərək biosferin ayrılmaz vəhdətini nümayiş etdirir. Zəncirin hətta bir halqasının itirilməsi belə planetin ümumi ekosistemində ciddi pozuntulara səbəb ola bilər.
Layihə 40 müasir azərbaycanlı rəssamı bir araya gətirir və rəngkarlıqdan qrafikaya, heykəltəraşlıqdan art-obyektlərə qədər müxtəlif istiqamətləri əhatə edən 50 əsəri təqdim edir. Hər bir rəssamın fərdi baxışı təbiətin qorunmasına yönəlmiş konkret təşəbbüsü daha geniş fəlsəfi müstəviyə daşıyır. Sərgi tarazlığın həssaslığı, insan müdaxiləsinin sərhədləri və dağıtmaq əvəzinə yaratmaq bacarığı haqqında dialoq qurur.
"Fly to Baku. Art Weekend. Sense the Future NOW" layihəsi çərçivəsində təşkil olunan sərgi xatırladır ki, gələcək sabaha təxirə salınan mücərrəd anlayış deyil. O, məhz bu gün - ətraf aləmə həssas yanaşma, məsuliyyətli addımlar və canlı təbiətin səsini duymaq istəyi ilə formalaşır.
Təbiət bizə həyat və dayaq verir, incəsənət isə duyğusal qavrayışımızı oyadır. Qafqazın və bütövlükdə Yer kürəsinin gələcəyi isə bu gün qəbul etdiyimiz qərarlardan asılıdır.