Martın 15-də “Holiday İnn Baku” hotelində 2016-2018-ci illərdə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı “Tvinninq” layihəsinin rəsmi açılış mərasimi keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, nazirliyin Avropa İttifaqı (Aİ) ilə birgə layihəsinin əsas məqsədi Azərbaycanın mədəniyyət sektorunda hüquqi baza və idarəetmə sisteminin müasirləşdirilməsinə töhfə verməkdir.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, layihə rəhbəri Vasif Eyvazzadə çıxış edərək yeni layihənin əhəmiyyətindən danışdı. Bildirildi ki, Aİ tərəfindən maliyyələşdiriləcək layihənin büdcəsi 1,2 milyon avro təşkil edəcək. 2 il müddətində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə iki əsas istiqamətdə işləyəcək.
Qeyd olundu ki, layihə ikitərəfli “Tvinninq” aləti formasındadır. Məqsəd ən yaxşı təcrübələri ötürmək, qanunvericilik sahəsində Avropa standartlarını və Azərbaycana məxsus incəlikləri nəzərə alaraq, təkmilləşdirilmə planını yaratmaq üçün Üzv Dövlətlərin dövlət orqanlarını və Azərbaycan qurumlarını bir araya gətirməkdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan iqtisadiyyatının genişləndirilməsi prosesində turizm sektorunun göstəricilərini təkmilləşdirmək məqsədi daşıyan birinci Tvinninq layihəsi 2013-cü ilin fevralından icra olunub.
Nazir həmçinin İtaliya ilə Azərbaycan arasında sıx mədəni əlaqələrdən danışdı. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin Romada ucaldılmasını bunun bariz nümunəsi olduğunu bildirdi.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard layihənin əhəmiyyətini vurğuladı. Layihə çərçivəsində sıx əməkdaşlıq edəcəklərini qeyd etdi.
İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə yaxşı əməkdaşlıq münasibətlərinin olduğunu vurğuladı.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Ramil Abbəkirov “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin fəaliyyət istiqamətləri haqqında təqdimatla çıxış etdi.
Layihənin yerli müşaviri Alessandro Bianki iş planı haqqında məlumat verdi. Üzv dövlətin layihə rəhbəri Adel Cesi İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin mədəni irs sahəsində fəaliyyətindən danışdı.
Qeyd edək ki, yeni Tvinninq layihəsi Avropa Komissiyası ilə razılaşdırılıb və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2016-cı ilin fevralından başlayan layihə 2018-ci ilin fevralınadək davam edərək mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönələcək.