Fransanın paytaxtı Parisdə Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad edilib, şairin fransız dilinə tərcümə olunmuş “Bir gün təbəssüm olmuşdum” adlı şerlər toplusu təqdim olunub. Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına rəğmən öz şeiri ilə maneələri aşaraq fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın böyük rəğbətini qazandığını deyib.
Paris Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva isə Vaqif Səmədoğlunun Azərbaycan poeziyasında özünəməxsus yer tutduğunu, atası, məşhur söz ustası Səməd Vurğunun yaradıcılığından qaynaqlansa da, öz üslubu olduğunu vurğulayıb.
Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər iştirak edib. Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist Jan Pyer Alali Azərbaycan poeziyası, görkəmli xadimləri və Vaqif Səmədoğlunun şerləri haqqında təəssüratlarını tamaşaçılarla bölüşüb.
Daha sonra tarixçi, şair, 25 ildən artıqdır radioda poeziya proqramının müəllifi və aparıcısı olan Paskal Payen-Appenzeller çıxışını dahi Nizaminin misraları ilə başlayaraq hər birimizin öz mədəni sərvətimizin daşıyıcısı olduğumuzu və Vaqif Səmədoğlunun da məhz əcdadlarından miras qalan istedadı olduğunu deyib. Şairin sənətinə heyran olan Payen Appenzeller yaxın vaxtlarda verilişlərindən birini Vaqif Səmədoğluna həsr edəcəyini bildirib.
Şairin həyat yoldaşı, Səməd Vurğun Ev Muzeyinin direktoru Nüşabə Vəkilova şairlə bağlı xatirələrini bölüşüb. N.Vəkilova şairin fransızca dərc olunmuş şeirlər toplusunun ərsəyə gəlməsində rolu olan tərcüməçi Aliyə Səmədovaya dərin təşəkkürünü bildirib.
Xatirə gecəsində V.Səmədoğıunun şerlərinə yazılmış mahnılar səsləndirilib, şairə həsr olunmuş film nümayiş etdirilib. Gecə gənc pianoçu Vurğun Vəkilovun ifasında Azərbaycan, həmçinin Avropa klassik bəstəkarların musiqisindən ibarət konsert proqramı ilə sona çatıb.
Xatırladaq ki, şair, dramaturq, publisist, Əməkdar incəsənət xadimi, Yazıçılar Birliyinin üzvü və Milli Məclisin deputatı olmuş Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 76 yaşında dünyasını dəyişib.
A.S.
www.oxu.az