Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı bu gün 55 yaşını qeyd edir.
Oxu.Az xəbər verir ki, Şəmistan Əlizamanlı 4 fevral 1959-cu ildə Gürcüstan Respublikasında anadan olub.
O, bir çox tanınmış hərbi vətənpərvərlik mahnılarını –“And içirik”, “Çağırır vətən”, “Qalx, Azərbaycan”, “İgid əsgər, möhkəm dayan”, "Vətən əmanəti”, “Öncə vətəndir”, “Can, Azərbaycan”, “Birinci batalyon”, “Cənab leytenant”, “Çırpınırdı qara dəniz”, “Dağlar”, “Azərbaycan-Türkiyə”, “Ana yurdum”, “Tanrı türkə yar olsun”, “Heyran türkün bayrağına”, “Qafqaz dağı, yol ver bizə” və s.ifa edib.
İndiyə kimi mahnılardan ibarət olan “Çağırır vətən”, “Vətən əmanəti”, “Ana yurdum” albomları işıq üzü görüb:
Azərbaycan Milli Ordusunun hərbi hissələrində onun mahnıları səslənir. O, həmçinin bir sıra kliplərin və musiqili kompozisiya şəklində olan şeirlər toplusunun da müəllifidir.
Məsələn: “Qafqaz dağı, yol ver bizə” 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Azərbaycanı bolşevik-daşnak qırğınından xilas edən Qafqaz İslam Ordusunun xatirəsinə həsr olunub.
“İgid əsgər, möhkəm dayan” Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr olunub.
“Çırpınırdı Qara dəniz” Azərbaycanda və Türkiyədə çox populyar olan, dinləyicilərə vətənpərlik ruhu aşılayan mahnıdır. Mahnı Azərbaycanın dahi şahiri Əhməd Cavadın 1914-cü ildə Gəncə şəhərində yazdığı “Çırpınırdı Qara dəniz” şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən dörd il sonra - 1918-ci ildə bəstələnmiş musiqi əsasında yaranıb. O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz-İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Aqil Quliyevin döyüş yolundan bəhs edən sənədli film (2011), “Qəhrəman kənd - Əlibəyli” (2013) adlı sənədli film onun iştirakı ilə ölkə ictimaiyyətinə təqdim edilib.
Şəmistan Əlizamanlı Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova ilə bir sıra mahnıları duet şəklində səsləndirib.
1998, 1999 və 2002-ci illərdə Almaniyada, Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində, Rusiyanın bir çox vilayətlərində, Qazaxıstanda, Ukraynada, Türkmənistanda səfərlərdə olub və konsert proqramları ilə çıxış edib.
İsveçrədə “Beynəlxalq Musiqi Festivalı”nda, müxtəlif ölkələrdə keçirilən Türk Xalqlarının Qurultaylarında iştirak edib. Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin qurultayında konsert proqramı ilə çıxış edib.
Aytən Sadıqzadə
www.oxu.az