Bu gün Azərbaycan Respublikasının xalq artisti, “Şərəf” ordenli, tanınmış teatr və kino aktyoru Səyavuş Aslanın anadan olmasından 79 il ötür.
Oxu.Az xəbər verir ki, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub. Bunlardan Dadaşbala (“Hicran”), Fürzuzbala (“Altı qızın biri Pəri”), Orduxan bəy (“Əlli yaşında cavan”) və s. misal göstərmək olar.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.
Aktyor ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.