Hacı Zeynalabdin Tağıyevin "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq heykəli üç metr hündürlüyündə olacaq.
Bunu Oxu.Az-a açıqlamasında heykəlin lahiyə rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov deyib.
Onun sözlərinə görə, heykəl tunc, qırmızı və qara qranitdən hazırlanacaq:
"Tağıyevin üç variantda olan heykəlini hazırlamışdım. Amma bütün heyət ayaqüstə olan heykəli seçib. Mən bu qərarla razıyam. Çünki heykəlin ucaldılacağı yer dar olduğu üçün ayaqüstü variant daha uyğundur.
Heykəlin qoyulmasına nə vaxtan başlanılması isə hələ dəqiq deyil. Hələlik sifarişlə bağlı heç kəslə görüşməmişəm. Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu ilə görüşdükdən sonra hər şey dəqiq bilinəcək. Ancaq heykəl təxminən üç metr hündürlüyündə, bir hissəli olacaq.
Ayaqüstü olacaq heykəlin tuncdan hazırlanması nəzərdə tutulur. Eyni zamanda, heykəlin aşağı hissəsini qara və qırmızı qranitdən hazırlamağı seçmişik. Yenə də görüşdən sonra bütün məsələlər aydınlaşacaq".
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib olub.
Sevinc Yasinqızı
Rəylər