"Bərpa nəzəriyyəsinə görə, memarlıq abidəsinə hər hansı tarixi mərhələdə əlavə və ya müdaxilə edilibsə, artıq o da abidənin tarixi hissəsi kimi qorunmalıdır. Təbii ki, vandalizm aktı istisna olmaqla".
Bunu Oxu.Az-a müsahibəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

Müsahibimiz hesab edir ki, kiril əlifbası ilə olan lövhələr də, vaxt gələcək, müzakirə mövzusu olacaq:
"Təbii ki, bu, aidiyyəti qurumların birgə qərarı nəticəsində öz həllini tapacaq. Düşünürəm ki, buna cəmiyyət və alimlər düzgün qərar verə biləcəklər".
"Hazırda qarşımızda daha vacib məsələ dayanır - abidələrin üzərində dövlət tərəfindən qorunmasını əks etdirən lövhələrin yerləşdirilməsi. Mərhələli şəkildə həyata keçirilən layihə çərçivəsində 2025-ci il ərzində 1 282 tarix-mədəniyyət abidəsinə məlumat lövhəsi quraşdırılıb. Lövhələrin üzərində abidənin adı, tarixi və dövlət tərəfindən qorunması qeyd olunur. Proses davam edir. Üzərində səhv məlumatlar yazılan lövhələrimiz də var. Bu da yuxarıda qeyd etdiyim abidələrin mövcud siyahısında olan çatışmazlıqlarla bağlıdır. Bizim belə bir planımız da var ki, gələcəkdə abidələrin üzərində və yaxud yaxınlığında vurulan lövhələrdə QR-kodlar istifadə olunsun. QR-kod rahat və cəmiyyətdə artıq qəbul olunmuş bir yanaşmadır. Nəticədə abidələrin tarixinə, memarlığına, sifarişçi və memarına dair istənilən məlumatların yerləşdirilməsi, vaxtaşırı yenilənməsi, müxtəlif dillərdə təqdim edilməsi mümkün olacaq", - müsahibimiz vurğulayıb.