Türkiyənin tanınmış rejissoru Biray Dalkıran dram janrında sənədli filmin çəkilişi üçün Azərbaycana gəlib.
Oxu.Az xəbər verir ki, Biray Dalkıran “Əraf”, “Cənnət”, “Cəhənnəm 3D”, “Mənə bir soyğun yaz”, “Pəri nağılı”, “Mələklərin möcüzəsi” filmlərinin, “Qazi”, “Sübut” seriallarının və 100-dən çox klipin rejissorluğunu edib.
Tətili sevməyən və uğurları ilə tanınan çalışqan rejissorun son çəkdiyi “Seni Seviyorum Adamım” adlı kino-filmindən dərhal sonra yeni layihəsi olan dram janrında sənədli filminin çəkilişlərinə başlayıb.
Çəkiliş üçün ilk olaraq Pekinə gedən Biray Dalkıran yaradıcı heyətlə birlikdə ərsəyə gətirəcyi işi Pekindən başlayaraq Londonda sona çatdıracaq. Sənədli filmin ilk çəkilişlərinin Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərində çəkilməsi planlaşdırılıb.
Ötən gündən paytaxtımızda olan rejissor, artıq Bakıda ilk çəkilişlərinə başlayıb. O, bu barədə sosial şəbəkədə məlumat verib. Rejissor 3 gün şəhərimizin qonağı olacaq.