18 sentyabr – dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub.
Oxu.Az xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.
Maestro Niyazinin təşəbbüsü ilə XX əsrdə hər il sentyabrın 18-i böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün respublikamızda xüsusi təntənə və mərasimlərlə qeyd edilirdi.
Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu.