Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, xalq artisti Fuad Poladovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.
Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972).
Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib.
20 mart 1987-ci ildə Azərbaycanın xalq artisti fəxri adını alıb.
1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.
2015-ci ildə “Aktrisa” filminə görə “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.