"Dünyada elə ölkələr var ki, kino sənayesindən ciddi şəkildə pul qazanırlar. Azərbaycan isə kiçik dövlətdir. Belə ölkədə kinonu inkişaf etdirmək üçün, sözsüz ki, bu sahəyə xüsusi diqqət və vəsait ayrılmalıdır. Niyə? Ona görə ki, filmlərimiz geniş prokata çıxmır. Biz Hindistan deyilik, İtaliya deyilik, Fransa, ABŞ deyilik. Onların prokat imkanları böyükdür və təbii ki, bu onlara ciddi gəlir gətirir.
Amma mənə elə gəlir ki, Azərbaycanda bu, bir qədər çətin məsələdir. Çünki bizdə ümumiyyətlə prokat sistemi yoxdur. Dünya səviyyəsinə çıxmaq və filmləri üçüncü ölkələrdə uğurla nümayiş etdirmək üçün filmlər texniki cəhətdən yüksək səviyyədə olmalıdır. Mən hələ işin bədii tərəfindən danışmıram. Ona görə hesab edirəm ki, kinoya mütləq pul ayrılmalıdır".
Bunu Oxu.Az-a videomüsahibəsində Xalq artisti, aktyor Məbud Məhərrəmov deyib.
Videomüsahibədən bəzi hissələri təqdim edirik:
- Məbud müəllim, bəzi rejissorlar deyirlər ki, onsuz da, yenə ən çox baxılan filmlər sovet dövründə çəkilənlərdir, buna görə kinoya pul ayırmağa ehtiyac yoxdur. Bəzi rejissorlar isə bununla razılaşmaq istəmirlər. Sizcə, həqiqətənmi kino sənayesi sovet sistemi dağılandan sonra ortaya hansısa yenilik qoya bilməyib, yoxsa biz o yenilikləri görə bilmirik?
- İş orasındadır ki, sovet dövründə "Azərbaycanfilm" kinostudiyası ildə səkkiz, doqquz, bəzən də on film çəkirdi. Bu bir plan idi - çəkməli idilər və dövlət bunun üçün pul ayırırdı. İndi bəziləri deyirlər ki, senzura lazım deyil. O vaxt isə senzura var idi. Rejissorlar məcbur idilər ki, öz fikirlərini, baxışlarını, bəzən vəzifəli şəxslərin xoşuna gəlməyəcək məsələləri bir qədər ört-basdır edərək üzə çıxarsınlar. Ona görə də yaxşı filmlər meydana çıxırdı. Məsələ ondadır ki, Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Müslüm Maqomayev, Rasim Ocaqov, Rza Təhmasib və digər böyük sənətkarlarımız kimi adamlar hər gün anadan olmurlar. İndi bir az fərqli zamanda yaşayırıq - keçid dövrüdür. Mən demək istəmirəm ki, kino çəkmək, tamaşalar qurmaq lazım deyil. Əlbəttə, lazımdır, bu işlər davam etməlidir. Amma sözsüz ki, kinonun gələcəyi var, mən buna inanıram.
- 2006-cı ildən Xalq artistisiniz. Fəxri adlara münasibətiniz maraqlıdır. Bu gün, demək olar ki, fəxri adlar verilmir, bu da müəyyən narazılıq yaradır. Necə düşünürsünüz, fəxri ad lazımdır, yoxsa artıq buna ehtiyac yoxdur?

- Mən sizin bir videomüsahibənizə baxdım, bizim Cahangir Novruzovla (Xalq artisti, aktyor, rejissor - red.). O, orada kimdənsə danışırdı və Habil müəllimdən (kamança ustadı Habil Əliyev - red.) məşhur sitatı gətirdi ki, "onlar verirdilər, sən niyə götürdün?" (gülür)
Mənə elə gəlir ki, fəxri ad bir stimuldur. Çünki bizdə maliyyə məsələsi zəifdir. Xaricdə də teatr aktyorları çox pul almırlar və kino aktyorları qədər çox məşhur olmurlar. Kino aktyorlarının qonorarları çox yüksəkdir. Ola bilər ki, onlarda fəxri ada ehtiyac yoxdur.
Teatrlarda çox görkəmli aktyorlar var ki, onlar nədənsə o qədər də tanınmırlar, populyar deyillər. Bəlkə, filmlərə, seriallara çəkilmirlər deyə, yaxud bəlkə, televiziya ekranlarına gec-gec çıxırlar, ona görə. Müxtəlif səbəblər ola bilər. Amma bu o demək deyil ki, onlar yaxşı aktyor deyillər deyə "Xalq artisti" adını almayıblar. Onlar elə xalqın artistidirlər. Teatra gələn adamlar, sözsüz ki, bunu qiymətləndirir. Bu həm də qismətdən, taledən asılıdır. Çünki aktyor sənəti asılı sənətdir. Biz hər şeydən asılıyıq - rejissordan asılıyıq, ssenaristdən asılıyıq, xoşbəxtlikdən, yəni lazımi vaxtda lazımi yerdə ola bilməkdən asılıyıq… (gülür)
- Düşünürsünüz ki, fəxri ad lazımdır. Sizə fəxri ad nə verir?
- Böyük məsuliyyət verir. Fəxri adı daşıyan insan məsuliyyətli olmalıdır. Sən küçədə sərbəst gəzə bilməzsən…
- Bəs olurmu, kiməsə baxırsınız və deyirsiniz ki, o da Xalq artistidir, mən də Xalq artistiyəm...
- Mən sizi başa düşdüm, siz də yəqin ki, məni başa düşdünüz. Sözsüz ki, qəbul edirlər də… Yenə Habilin sözü yadıma düşdü. (gülür) Sözsüz ki, necəsə olur, düşündüyünüz kimi adamlar da o adı alırlar. Bəzi insanlar onları alqışlayır, bəziləri xoşlamırlar.
- Sosial şəbəkə ilə aranız necədir?
- Çox pisdir.
- Niyə? Sizcə, bu gün sosial şəbəkələr bizə nəsə qazandırır, yoxsa bizdən nəyisə alır?

- Bilirsiniz, əvvəllər avtobusda, metroda gedəndə insanlar kitab, qəzet oxuyurdular. Bunlar hamısı ləğv olundu. Bu gün kitaba maraq çox azdır. Amma mən elektron formatda nəsə oxuya bilmirəm. Mənə internetlə nəsə göndərəndə - səhnəcik, ya ssenari, mən onu mütləq çap etdirib, sonra oxuyuram. Çünki telefonda və ya kompüterdə mən onu oxuya bilmirəm. Nədənsə belədir. Mənim əlimdə kitab olmalıdır, mən onu oxumalıyam, kitabın qoxusunu hiss etməliyəm.
Sosial şəbəkələrə gələndə, bəlkə, kiminsə acığına gələr, amma mənə elə gəlir ki, sosial şəbəkələrdə, əsasən, tənha insanlar olurlar. Bəlkə də, kimlər üçünsə bu bir tələbdir, daha rahat olur, bilmirəm. Sözsüz ki, orada maraqlı şeylər də hərdənbir üzə çıxır, amma bunun faizi çox azdır. (gülür)
- Məbud müəllim, özünüz şəkilisiniz. Şəkili kimi hazırcavab və baməzəsiniz həyatda?
- Bəli, əslim Şəkidəndir. Özümdə də hazırcavablıq, baməzəlik var və bu yumor həyatımda həmişə mənə yardımçı olur.
- Bildiyim qədər, siz hətta Şəki qarğışlarını toplayırsınız. Niyə məhz qarğış?
- Mənim anam İlisudandır (Qax rayonunda kənd - red). Yəqin, bilirsiniz, qaxlıların öz ləhcəsi var, şəkililərin öz ləhcəsi. Bəzi rayonlara gedəndə mən baxırdım ki, onlarda sadə qarğışlar olur. Məsələn, "sənin ayağın sınsın". Şəkililərdə isə qarğışlar belə sadə deyil, çox məzəlidir. Məsələn, onlar heç vaxt deməzlər ki, səni görüm öləsən, onlar deyirlər ki, səni görüm, düz yeri şiş edəsən (yəni öləsən, basdırsınlar - red.), yaxud da deyirlər ki, səni görüm papağın asılqanda qalsın (yəni gedəsən, gəlməyəsən - red.). Yəni belə misallar çoxdur.

- Deyin, gəlsin…
- Yox, deyə bilmərəm.
- Neçə qarğış toplamısınız?
- Çox deyil…
- Kitab kimi çıxarmaq istəyirsiniz?
- Yox, kitab kimi də əmələ gəlməyəcək...
- Bəs nə edəcəksiniz topladığınız qarğışları?
- Dostlarımla görüşəndə danışıram. Məsələn, deyirlər, "görüm, başın top qabağında getsin"… (gülür)
- Dostlarınızla söhbətlərdə ən çox istifadə etdiyiniz hansı qarğışdır?
- Mən ümumiyyətlə qarğış edən adam deyiləm.
- Bilirəm, dostlarınızla söhbət zamanı işlətdiyiniz…
- Mən onlarla olanda başqa qarğışları deyirəm, hansı ki, indi efirdə danışa bilmərəm.
- Efirdə danışılacaq olanı yoxdur?
- Yox, yoxdur… Onlar bir az şit çıxır.

- Məbud müəllim, sizin belə bir fikriniz var: "Komediya istedadı hər aktyorda olmur. Komediya pul kimidir, ya var, ya da yoxdur". Bu gün Məbud müəllim özünü komediya tərəfdən görür, yoxsa dramatik tərəfdən?
- Mən özümü, sözsüz ki, hərtərəfli hiss edirəm, amma bir məsələyə toxunmaq istəyirəm. Siz fikir verirsinizsə, bu gün komediya çəkən yoxdur. Çünki komediyanı səhnədə qurmaq və film kimi çəkmək çox çətindir. Ona görə də mənə elə gəlir ki, komediya həm kinoda, həm də teatrda rejissorun bir lakmus kağızıdır. O rejissor ki komediyanı qura bilir, deməli, dramı da qurur.
- Satira qoymaq bu gün çətindir…
- Satira və həmçinin komediya.
- Sizcə, bunun üçün bu gün cəmiyyətdə nə çatmır?
- İş cəmiyyətdə deyil. İş əsərlərdədir, rejissorlardadır. Mənə elə gəlir ki, rejissorlar çəkinirlər bu işə qarışmağa. Çünki dramı yaratmaq daha rahatdır - həm səhnədə, həm kinoda. Komediya isə başqa bir aləmdir.

- Siz özünüzü ən çox hansı tərəfdə rahat hiss edirsiniz, komediya, yoxsa dram?
- Tragikomediya... Mənim dramatik rollarım da, sözsüz ki, səhnədə var idi, onlar da mənim çox xoşuma gəlir. Baxanlar da deyirlər, pis alınmayıb, yaxşıdır. Mən hər iki janrda da özümü sərbəst hiss edirəm, amma sözsüz ki, üstünlüyü komediyaya verirəm - satirik komediya, tragikomediya.
- Məbud müəllim, itkilərlə rahat barışa bilirsiniz?
- Baxır hansı itkilərlə.
- Məsələn, sənət yoldaşlarınızın itkisi ilə...
- Kədərlənirəm. Mən həmişə fikir edirəm ki, əgər indi onlar olsaydılar, biz nəsə yarada bilərdik...
- Musiqi marağınız da var. Filmlərdə, tamaşalarda arabir çalıb-oxumağınızı da görmüşük. Bu sizə haradan gəlib? Məktəb vaxtı məşğul olmusunuz, yoxsa ailə qurandan sonra? Siz məşhur tarzənimiz Əhsən Dadaşovun qızı ilə ailə qurmusunuz...

- Musiqiyə maraq bizim evimizdə var. Mənim böyük bacım professordur, elmlər doktorudur, pianoçudur. Onun adı Həqiqətdir. Ortancıl bacım Rəna da musiqi müəllimi olub. Mənim yeznəm bəstəkar Cahangir Zülfüqarovdur.
- Xalq artisti Oqtay Zülfüqarovun oğlu...
- Bəli. Həmçinin həyat yoldaşım da musiqiçidir. Anam uşaqlığımdan istəyirdi ki, mən də pianoçu olum. Musiqi təhsilimi adi bir musiqi məktəbində aldım.
- Bu gün siz özünüz başqa teatrlara gedirsiniz? Ən çox hansı teatrlara gedirsiniz?
- Gedirəm, gedirəm... (bir az düşünür)
- Ancaq premyeralara, yoxsa?
- Hərdənbir adi tamaşalara da gedirəm. Təəssüf ki, gec-gec... Gənc Tamaşaçılar Teatrında bir-iki tamaşa var, mən onları görməmişəm, amma istəyirəm görüm. Bir də Pantomim Teatrına getmək istəyirəm. Bəxtiyar Xanızadə (Xalq artisti, aktyor, rejissor - red.) mənimlə bir yerdə oxuyub bir zamanlar institutda. Oraya da getmək istəyirəm və özümü qınayıram ki, niyə hələ oraya getməmişəm? Bəlkə də, özüm çox məşğul oluram, ona görə. Musiqili Komediya Teatrına gedirəm, tamaşalarına baxıram.
- Məbud müəllim, nə tövsiyə edirsiniz yeni nəsil aktyor olmaq istəyənlərə?
- Heç vaxt özlərindən razı qalmasınlar...
Əzizə İsmayılova
Video: Əqdəm Qasımov