22-24 dekabr tarixlərində Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Xalq sənətkarlarının Respublika interaktiv sərgisi” keçiriləcəkdir.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, sərgi istedadlı xalq sənətkarlarının aşkar edilməsi, tanıdılması, onların nümunəvi əl işlərinin təbliğ edilməsi məqsədi ilə təşkil edilir.
Sərgidə Bakı, habelə respublikanın 40-dan artıq rayon və şəhərindən 150 müəllifin 700-dən artıq əl işi nümayiş olunacaqdır.
Xalq sənətkarlarının iştirakı ilə - rəngkarlıq, xalçaçılıq, heykəltəraşlıq, toxuculuq, misgərlik, dulusçuluq, batika, ağac üzərində oyma, təkəlduz, şəbəkə, vitraj və incəsənətin digər sahələri üzrə təsviri və dekorativ-tətbiqi sənət nümunələri interaktiv formatda təqdim ediləcəkdir.
Tədbirdə respublikanın nüfuzlu elm, mədəniyyət və incəsənət müəssisələrinin nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, sərginin açılış mərasimi 22 dekabr tarixində saat 17:00-da Muzey Mərkəzində baş tutacaq.
