Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi iyunun 11-dən 19-dək uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı keçirəcək.
Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, muğam təhsilinin inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, eləcə də onların dəstəklənməsi məqsədilə təşkil ediləcək festivalda iştirak etmək üçün 250-yə yaxın şagird sənəd vermişdir. Festival bir turdan ibarət olmaqla 2 qrup üzrə Bakıda keçiriləcək.
Festival iyunun 11-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində başlayacaq.
İştirakçılar muğam, xalq və bəstəkar mahnıları, zərb muğam ifa edəcəklər.
Festival iştirakçılarının çıxışlarını peşəkar xanəndələrdən ibarət münsiflər heyəti qiymətləndirəcək.
Festivalın yekun konserti iyunun sonunda Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.