"19-20-ci əsrin əvvəllərində tikilən binalar təəssüflər olsun ki, uzun illər dayanıqlığa ciddi təsir göstərən amillərlə üzləşib".
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
O bildirib ki, 1920-ci ildəki inqilabdan sonrakı müsadirələr nəticəsində Bakının sözügedən dövrünə aid möhtəşəm və adi sıravi binalar, saray, malikanələr bir neçə ailənin arasında bölünəndə artıq binaların ilkin görkəminə və strukturuna ciddi ziyan vurulub:
"İndi isə belə binaların əksəriyyəti qəzalı vəziyyətdə olduğundan onların bərpası kifayət qədər çətin bir məsələyə çevrilib. Burada ayrı-ayrı evlər yox, ümumiyyətlə struktur da qorunmalıdır. Çünki Bakının o dövrdə salındığı şəhərsalma üslublarını əks etdirən şəhərsalma strukturudur. Bu da saxlanılmalıdır. Burada bəzi maraqlı küçələr var. Belə küçələrdə abidələrlə yanaşı abidə statusu daşımayan bəzi binalar da şəhərsalma strukturu saxlamaq məqsədilə qorunmalıdır və ya tarixi struktura uyğun olan binalarla əvəzlənməlidir".
"Burada yerləşən abidələrinin qorunub saxlanılması ilə yanaşı həmin ərazidə gələcəkdə nə olması məsələsi də çox mühüm rol oynayır. Yeni layihədə binaların miqyas məsələsi, çoxmərtəbəli binaların olmaması, yerli ənənəvi üslubda tikilməsi kimi məsələlər nəzərə alınmalıdır", - deyə S.Hacıyeva bildirib.