İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və "Gilan"nın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub.
Oxu.Az xəbər verir ki, festivalın açılışı Azərbaycanın Xalq artisti Ramiz-Məlik Aslanovun dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti ilə baş tutub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tədbirdə çıxış edərək bildirib ki, artıq 15 ildir bu festival uğurla keçirilir. O deyib ki, bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış solistlər, simfonik orkestrlər, xor kollektivləri, dirijorlar və digər ifaçılar Qəbələ səhnəsində çıxış ediblər.
Fərhad Bədəlbəyli vurğulayıb ki, festival çərçivəsində hər il müxtəlif musiqi janrlarını əhatə edən zəngin və maraqlı konsert proqramları təqdim olunur. Qəbələ Beynəlxalq Musiqi Festivalı bu illər ərzində dünyanın aparıcı musiqiçilərini bir araya gətirən nüfuzlu beynəlxalq mədəniyyət tədbirlərindən birinə çevrilib.
Musiqi gecəsində solistlər Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Aysun Mahmudzadə (soprano), Şəmistan Əliyev (klarnet) və Vaqif Qurbanovun (violonçel) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Avqustun 3-dək davam edəcək festival zamanı Qəbələ şəhəri layihənin məqsədinə uyğun olaraq mədəniyyətlərarası dialoqun mühüm platformasına çevriləcək, müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçiləri Azərbaycanın bu qədim bölgəsində bir araya gələcək.
Azərbaycanla yanaşı, musiqi bayramında Almaniya, Rusiya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan və Vyetnamdan musiqiçilər və rəqqaslar iştirak edəcəklər.