Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ-dan Azərbaycanın işğal edilmiş torpaqlarına silah daşınır: Bizimkilər hara baxır?
ABŞ-dan Qarabağ separatçılarına silahın çatdırılması (http://oxu.az/war/81493) barədə xəbər, bölüşmək istədiyim bir neçə mülahizə doğurdu.
Silah nə Pentaqon, nə də bizim regionda fəal olan hər hansı bir beynəlxalq təşkilat tərəfindən çatdırılmayıb. 80 ədəd snayper tüfəngini separatçılara “epataj kralı”, “İnstagram kralı” poker həvəskarı və arvadbaz erməni mənşəli Den Bilzeryan (Dan Bilzerian) hədiyyə edib.
Təchizatçının şəxsiyyətindən başlayaq. Bu saqqallının İnstagram izləyicilərinin sayı 6,5 milyona çatır. O, kart oyunlarını, pulu və silahı sevir. Qadınlarını işıq sürəti ilə dəyişir, ağır xəstəliyə düçar olmaq və ya timsahlarla qaynayan çayı üzüb keçmək onun üçün adi işdir.
Bilzeryanın atası fırıldaqçılıqda ittiham edilmişdi. Ailəni müxtəlif ştatlara, Denin özünü isə müxtəlif məktəblərdən qovublar. Onun atası zamanla özündə oyunçu istedadı aşkarlayır və kapital yığır, özü kapitalını 100 milyon dollar məbləğində dəyərləndirir.
Bu məbləğin bir hissəsinə o, bu yaxınlarda snayper tüfəngləri alıb, həmin tüfənglərdən isə bizə məxsus olan, amma indi işğal altında olan torpaqlarda bizim əsgərlərə və dinc əhaliyə atəş açırlar. ABŞ qanunları bu qəbildən olan silahı almağı və ölkədən çıxarmağı qadağan etmir. Ona görə də hüquqi nöqteyi-nəzərdən Bilzeryana irad tutmaq olmaz.
Amma Azərbaycanın ABŞ-dakı səfiri Amerika cəmiyyətinin diqqətini onların vətəndaşının başqa bir ölkədə qanunsuz hərbi qruplaşmanı silahlandırması faktına çəkə bilərdi. ABŞ-ın Azərbaycandakı səfiri isə onların ATƏT-in Minsk qrupundakı həmsədrlərinin snayperlərin cəbhə xəttindən çıxarılmasına dair bəyanatın fonunda bu çatdırılma faktını mənəvi nöqteyi-nəzərdən necə dəyərləndirdiyi barədə suala cavab verərdi.
Burda çox incə məqam mövcuddur. Bilzeryan avtomat, tapança və ya digər müdafiə xarakterli silah çatdırmayıb. Yəni o sadəcə erməniləri müdafiə etmək istəməyib, o azərbaycanlıların qanına susayıb. Bu isə mütləq ittiham edilməlidir. Ən azından bizim diplomatlar, diaspora təşkilatları, və ya macəraları əks olunmuş fotolarını sosial şəbəkələrdə paylaşan sadə insanlar tərəfindən.
Və sonda. Mən son 20 ildə Azərbaycandan kənarda yaşayan qəzet, gəmi, zavod sahiblərinin hansınınsa Azərbaycan ordusu üçün heç olmasa bir güllə aldığını eşitməmişəm.
Ehtimal edək ki, bəzi ölkələrdə silahın alışı və ixracı qanunvericilik tərəfindən qadağan edilib, ABŞ-da bu ki, problem deyil.
Ey ölkəmizin ərazi bütövlüyü və Azərbaycan hərbçilərinin həyatı üçün narahat olan vətənpərvərlərimiz hardasınız? Bilzeryanın hərəkəti sizə nümunə olar bilər?
Mən düşünmürəm ki, silah çatdırılması, qətl ümumilikdə yaxşı ideyadır, necə deyərlər bu müharibəni biz başlatmamışıq.
Bəli, bizim Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondumuz var, burada iyun ayının 1-nə olan məlumata əsasən 63 984 837 manat, 211 791 dollar və 593 avro var. Bəli, insanlar öz vəsaitlərindən yardım edirlər. Bəli, burada bizim xaricdə yaşayan həmvətənlərimiz tərəfindən köçürüldüyü ehtimal edilən 211 791 dollar və 593 avro var. Amma onların arxasında hərbçilərimizə silahla deyil, dollar və avro ilə yardım etdiyini bəyan edən biri durmur.
Ermənilərin konkret nümunəsi var – Den Bilzeryan. Epataj, qəribə amma var. Və o, məşhurdur. Və o, belə çatdırmalara start verib. Düşünürəm ki, digərləri də bunu edəcək.
Amma onun hərəkəti yalnız ermənilər üçün deyil, elə həmin M82 Barret və M110 snayper tüfənglərini sərbəst şəkildə alıb və əsgərlərimizə göndərə biləcək bizimkilər üçün də nümunə olmalıdır.
Heç olmasa mənəvi dəstək xatirinə.
Kənan Quluzadə
www.oxu.az