Bakıda keçirilən “ADEX-2018” sərgisində robot texnikası istehsal edən Belarusun “BSVT - yeni texnologiyalar” Məhdud Məsuliyyətli Cəmiyyətinin stendi böyük marağa səbəb olub.
Cəmiyyətin nümayəndələri ilə söhbətləşən Oxu.Az-ın müxbirinin məlumatına görə, bu müəssisə mülki və hərbi təyinatlı silahların işlənib-hazırlanması və istehsalçısıdır. Şirkət hərbi təyinatlı silahlar üçün səsboğucular, optik və elektro-optik nişan alan cihazlar, müşahidə sistemləri, elektro-optik sistemlər üçün trenajorlar, naviqasiya avadanlıqları, özüyeriyən robotlaşdırılmış komplekslərin istehsalı və “hava-hava” sinfinə daxil olan raketlərin modernləşdirilməsi ilə məşğuldur.
Hərbi robotlar
Məsafədən idarə edilən robotlaşdırılmış BSVT kompleksləri üzərində elektro-optik və naviqasiya sistemləri olan müxtəlif dərəcəli silahları daşımağa imkan verir
Boqomol - bu kompleks dörd min metr uzaqlıqda olan və saatda 75 kilometr sürətlə hərəkət edən düşmənin tanklarını və digər zirehli texnikasını məhv etmək qabiliyyətinə malikdir.
Bundan başqa, kompleks beş min metr uzaqlıqda, 500 metr yüksəklikdə olan və sürəti saatda 300 kilometri keçməyən helikopterləri vura bilir. 
Raketin trayektoriya üzrə idarəsi üçün bələdçi nişan markasını saxlayır, əsas sistem isə avtomatik olaraq raketi hədəfə doğru aparır. Raketin koordinatları optik sistem vasitəsilə müəyyən edilir. İdarəetmə komandası isə şüa vasitəsilə göndərilir.
Ə.Ş.
www.oxu.az