Sentyabrın 15-i Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Oxu.Az-ın müxbiri xəbər verir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev Bakıdakı “Türk Şəhidliyi” abidəsinin önünə əklil qoyublar.
Səfir bildirib ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsilə qazanılan bu zəfər təkcə bugünkü Azərbaycanın yolunu açmayıb:
“Eyni zamanda, Azərbaycan və Türkiyə üzərində qurulan oyunların sonunu gətirib.
Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Həmişə olduğu kimi bundan sonra da “iki dövlət, bir millət” şüarı ilə irəliləyərək, gələcəyimizi birlikdə quracağıq”.
“Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümündə Nuru Paşanı, Azərbaycan və Türk ordusunun hər bir əsgərini sayğı ilə anıram”, - deyə səfir əlavə edib.
Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə anım mərasimi keçirildi - FOTO/VİDEO
İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov