Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının saytı haker hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, kinostudiyanın beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Səmayə Əsgərovanın APA-ya verdiyi məlumata görə, sayt bu gün axşam hücuma məruz qalıb:
“Saytı dağıdılan qurumlar içində Azərbaycan Rejissorlar Gildiyası da var. Erməni hakerlər dünən kinostudiyanın saytına hücumu edib, erməni zabiti Qurgen Markaryanın şəklini ora yerləşdiriblər”.
Eyni zamanda ermənilər Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet səhifəsinə (http://www.aida.az/) də hücum ediblər.
APA-ya açıqlama verən XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber hücumun erməni terror təşkilatı ASALA-nın rəhbərlərindən biri olmuş terrorçu “Monte Melkonyan kiber qrupu” tərəfindən törədildiyi qeyd olunub. İnternet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib.
Qeyd edək ki, azərbaycanlı zabit Ramil Səfərov 2004-cü il fevralın 19-da Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda qətlə yetirib. Bu gün həmin hadisədən 11 il ötür.