Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan Böyük Britaniya parlamentində nitqlə çıxış edib.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, Bako Saakyan öz çıxışında “Artsax”ın (işğal edilmiş Dağlıq Qarabağ – red.) “dövlət quruculuğuna”, “sosial-iqtisadi inkişafına”, Qarabağ münaqişəsinin tənzimlənməsinə toxunub və iştirakçıların suallarına cavab verib.
“Prezident” Böyük Britaniyanı beynəlxalq siyasətdə nüfuzlu dövlət və demokratiya və Avropa sivilizasiyasının beşiyi kimi görən Qarabağın Birləşmiş Krallığa xüsusi münasibət bəslədiyini vurğulayıb.
Separatçının sözlərinə görə, Böyük Britaniyanın parlamentində Qarabağın və erməni xalqının çoxsaylı səmimi və sədaqətli dostları var.
Qeyd edək ki, Azərbaycan Böyük Britaniyaya Dağlıq Qarabağın separatçı rejiminin rəhbərinin bu ölkəyə mümkün səfərinə dair etirazını bildirmişdi.
Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Siddiq Azərbaycan XİN-ə dəvət olunmuşdu, burada xarici işlər nazirinin müavini Xələf Xələfov ona Azərbaycanın Dağlıq Qarabağ separatçı rejiminin rəhbəri Bako Saakyanın Böyük Britaniyaya səfəri və Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunun təşkil etdiyi tədbirlərdə iştirakına qəti etirazını bildirmişdi.
Böyük Britaniya səfiri öz növbəsində Böyük Britaniyanın Dağlıq Qarabağ rejimini tanımadığını və onunla heç bir əlaqəsi olmadığını bildirmişdi.