Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatlarının görüşü keçirilib.
Görüşdə 27 sentyabr tarixində orduların təmas xəttində Ermənistanın növbəti təxribatı və buna cavab olaraq Azərbaycan ordusunun cəbhəboyu ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və işğal altında olan torpaqlarımızın azad olunması məqsədilə başladığı əks-həmlə əməliyyatı ilə əlaqədar yaranan şəraitdə gənclərin üzərinə düşən vəzifələr əsas müzakirə mövzusu olub.
Ölkə gənclərinin böyük hissəsini birləşdirən gənclər təşkilatlarının bu həssas dönəmdə dövlətimizə və cəmiyyətimizə göstərdikləri və göstərə biləcəyi bütün mümkün dəstəklər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan gənclər təşkilatları ölkəmizdə baş verən bütün proseslərə fəal şəkildə qoşularaq, dövlətimizin maraqlarının müdafiəsi və cəmiyyətimizin maariflənməsi istiqamətində bu günədək bir çox layihələr həyata keçirib. Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Vətənimizin düşmən işğalından azad edilməsi məqsədi ilə aparılan hərbi əməliyyatlar dönəmində, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsinin təmin olunması istiqamətində Dövlət başçısı və dövlət qurumları tərəfindən həyata keçirilən səylərə gənclər təşkilatlarının verdiyi töhfə xüsusi əhəmiyyətə malikdir.
Görüş zamanı vurğulanıb ki, düşmənin müharibə meydanında, eləcə də informasiya platformalarında aramsız olaraq həyata keçirdiyi təxribatların mütəmadi, səmərəli və məsuliyyətli şəkildə ifşa edilməsi, onların hər birinin adekvat cavablandırılması zəruridir.
Gənclərimizin qarşısında cəmiyyətdə vətənpərvərlik hissini yüksək səviyyədə saxlamaq, düşmən tərəfindən yayılan dezinformasiyalara qarşı mübarizə aparmaq, mülkü əhaliyə qarşı edilən amansızlığı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, beynəlxalq hüququn aliliyinin bərqərar olunmasına çağırış etmək kimi öhdəliklər dayanır və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi olduqca vacibdir.
Yüzə yaxın təşkilatın iştirak etdiyi görüş zamanı ayrıca olaraq vurğulanıb ki, haqlı mövqeyimizin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də düşmənin xüsusilə sosial şəbəkələr vasitəsilə saxta təbliğatına cavab olaraq əhali arasında əzmkarlığın və milli ruhun daim yüksək səviyyədə saxlanılması işinə yalnız təşkilatlar deyil, fərdi gənclər də geniş cəlb olunmalı və təşkilatlar buna xüsusi diqqət yetirməlidirlər.
Bu istiqamətdə işin işğal altında olan torpaqlarımız tam azad edilənədək davam etdirilməsinin zəruriliyi qeyd olunub.