Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, müdafiə naziri Atatürkün məzarını ehtiramla ziyarət edib, önünə əklil qoyub və Şərəf kitabına ürək sözlərini yazıb.
Sonra Türkiyə Respublikasının Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçirilib.
Görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.
Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaqdır.
Görüşün yekunlarına dair Protokol imzalanıb.
15:50
Mayın 4-də Ankarada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə 3 ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü başlayıb.
Oxu.Az xəbər verir ki, görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmləri müəyyən ediləcək.
Görüşün yekunlarına dair Protokolun imzalanması planlaşdırılır.