Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu və birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən ilk Avropa Oyunları ilə əlaqədar Londonda moda nümayişi keçirilib.
Oxu.Az xəbər verir ki, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın milli kolleksiyası nümayiş olunub. Milli ornamentlərimiz və “Bakı-2015”in rəmzləri ilə bəzədilmiş geyimlər böyük maraqla qarşılanıb.
Kolleksiyanın əsas siması model Günay Musayeva olub. Nümayişdə "Venera" modellik agentliyinin modelləri iştirak edib.
Azərbaycan milli musiqisinin müşayiəti ilə keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, yerli ictimaiyyətin nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak ediblər. Tədbir çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən videoçarx nümayiş olunub.