Rusiya Azərbaycan qarşısında bir sıra şərtlər qoymalıdır.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə “168 jam” qəzetinin müxbiri ilə söhbətdə Rusiyanın Azərbaycana silah satması və bununla əlaqədar Ermənistan hökumətinin narahatlığına toxunaraq ATƏT-in Minsk qrupunun sabiq rusiyalı həmsədri Vladimir Kazimirov bildirib.
Kazimirovun sözlərinə görə, satışlar bir sıra şərtlərin irəli sürülməsi ilə müşayiət edilməlidir.
“İşin necə getdiyini bilmirəm, hansısa tələblər irəli sürülür ya yox, amma mənim fikrimcə, satılan silahın qarşıdurma ərazisində istifadəsi istisna olunmalıdır. O, yalnız ümumi müdafiənin təşkili üçün istifadə olunmalıdır. Müdafiə silahı başqa bir şeydir, hücum silahı başqa. Yəni, bu məsələlərə aydınlıq gətirmək lazımdır.
Silah çatdırılması monitorinqi zamanı bu məsələlərin müzakirə predmeti olmasını ehtimal edirəm”, - Moskvanın Bakı qarşısında şərt qoya bilməsi imkanını dəqiqləşdirməsi sualına müsbət cavab verən sabiq Rusiya vasitəçisi bəyan edib.
“Söhbət mənim şəxsi fikrimdən gedir. Mən indi rəsmi sima deyiləm, amma mənim fikrimcə, münaqişə tərəflərinin sayı üçdür, silah satışı müəyyən şərtlərin qoyulması ilə müşayiət edilməlidir”- Vladimir Kazimirov yekunlaşdırıb.