Azərbaycanın qızıl, mineral yataqları konkret olaraq Ermənistanda fərdlərin və işğal olunmuş ərazilərdə qondarma rejimin fərdi nümayəndələrinin bank hesabına gedən pullardır.
Oxu.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlər sübutlar” adlı hesabatın təqdimatı mərasimində bildirib.
Onun sözlərinə görə, Ermənistan beynəlxalq hüququn öhdəliklərinə riayət etməlidir:
“Onların qeyri-qanuni fəaliyyəti qəbuledilməzdir. Güc tətbiq olunmuş vəziyyətin nəticəsi heç zaman qəbul edilə bilməz. Beynəlxalq ictimaiyyətə müraciətimiz ondan ibarətdir ki, Ermənistanın Azərbaycan ərazisində qanunsuz hərəkət etməsinin qarşısı alınsın. Bəzən dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə məşğul olurlar.
Biz faktları təqdim etdiyimiz halda həmin ölkələr bildirirlər ki, milli qanunvericiliklərində bu kimi halların pozulması müəyyən edilməyib. Bu məna çıxır ki, həmin ölkələrin qanunlarını pozmaq olmaz, amma Azərbaycanın qanunlarını pozmaq olar? Bunu nəzərə almaq lazımdır ki, milli qanunvericiliyin üzərində beynəlxalq öhdəlik var və hər bir dövlət öhdəlik daşıyır”.
Hikmət Hacıyev bildirib ki, Ermənistan atəşkəs rejiminin arxasında gizlənərək, Azərbaycan ərazilərində bu cür qeyri-qanuni yolla torpaqlarımızın ilhaqını həyata keçirəcəksə, demək ki, bu, qəbuledilməzdir:
“Bu, onu göstərir ki, onların əsl niyyəti münaqişənin həlli deyil. Azərbaycanın qızıl, mineral yataqları konkret olaraq Ermənistanda fərdlərin və işğal olunmuş ərazilərdə qondarma rejimin fərdi nümayəndələrinin bank hesabına gedən pullardır.
Onlar bu münaqişənin davam etməsində maraqlıdırlar. Yeni bir konsepsiya ortaya çıxır ki, çirkli pulların yuyulması da bir başqa problemdir”.
“Hər bir dövlət fiziki şəxlərini Azərbaycanın işğal olunmuş ərazilərdən çəkindirsinlər. Azərbaycan Respublikası milli qanunvericiliyi və beynəlxalq öhdəliyi rəhbər tutaraq bu kimi şəxslərə qarşı hüquqi-təqib xarakterli addımları davam etdirəcək”, - deyə PA rəsmisi qeyd edib.
İlhamə Əbülfət