Bakı TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Yunanıstanın hava hücumundan və raket əleyhinə müdafiə sistemini yenidən qurması, İsraillə imzalanan 3 milyard 35 milyon avroluq "Axilles qalxanı" layihəsi və yeni müdafiə arxitekturasının imkanları təhlil olunub.
Bildirilib ki, avqustun 31-də Təl-Əvivdə imzalanan sazişə əsasən, İsrail Yunanıstan üçün ballistik və qanadlı raketlərdən tutmuş döyüş təyyarələri və PUA-lara qədər müxtəlif təhdidlərə qarşı çoxqatlı müdafiə şəbəkəsi yaradacaq. Sistem müxtəlif radar və HHM komplekslərini vahid komanda-idarəetmə altında birləşdirəcək.
Qeyd olunub ki, "Axilles qalxanı"nın əsas elementləri "Davudun sapandı", "Barak MX" və SPYDER kompleksləri, eləcə də ELTA-nın MMR radarları olacaq. "Davudun sapandı" yuxarı, "Barak MX" orta və uzun, "SPYDER All-in-One" isə aşağı müdafiə qatını təşkil edəcək. İlk "Barak MX" sistemlərinin 2027-ci ildə çatdırılması gözlənilir.
Vurğulanıb ki, yeni arxitekturanın əsas üstünlüyü müxtəlif sensorlardan alınan məlumatların vahid sistemdə birləşdirilməsi və təhlükəyə uyğun ən effektiv silahın avtomatik seçilməsidir. Mövcud "Patriot" komplekslərinin də şəbəkəyə qoşulması planlaşdırılır. Paralel olaraq SPYDER sistemlərinin OSA və "TOR-M1" komplekslərini əvəz etməsi, "S-300"lərin isə mərhələli şəkildə arsenaldan çıxarılması nəzərdə tutulur.
"Axilles qalxanı"nın 35 ay ərzində tam formalaşdırılması və 2029-cu ilin iyulunda hazır vəziyyətə gətirilməsi gözlənilir.