Ermənistan və Azərbaycan prezidentləri cari ilin sonuna qədər görüşə bilərlər, bu barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik bildirib.
“Ermənistan prezidenti ilə görüşdə biz sərhəddə gərginlik barədə danışdıq. Biz Ermənistan və Azərbaycan prezidentlərinin bu ilin sonuna qədər baş tuta biləcək görüş imkanı haqqında danışdıq. Amma hər şey prezidentlərdən asılıdır”, - C.Uorlik “Armeniya” telekanalına verdiyi müsahibəsində bildirib.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, onun sözlərinə görə, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri prezidentlərin mümkün görüşünün gündəmini müzakirə ediblər.
“20 il bundan öncə əldə edilmiş atəşkəs hal-hazırda pozulub. Biz tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırırıq. Ermənistan və Azərbaycan prezidentləri fəal dialoq aparmaq arzusunu ifadə ediblər.
Biz vasitəçilik edəcəyik. Dialoq artıq razılaşdırılmış müəyyən prinsip və elementlərə əsaslanır. Bu, son illərin danışıqları nəticəsində formalaşdırılmış çərçivələrdir, və biz bunun əsasında hər şeyin daxil olduğu sazişi qurmağı arzulayırıq”, - C.Uorlik bəyan edib.