Ötən həftənin sonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistana səfər etdi. Onun guya Azərbaycanla qarşıdurma vəziyyətində KTMT-nin Ermənistana yardım göstərəcəyi barədə verdiyi açıqlamaya Ermənistan mediasında geniş yer verilir. Halbuki təşkilatın baş katibinin ifadəsi fərqli səslənmişdi.
“Sərhəddə baş verən insidenti Ermənistan bu gün özü həll edir, lakin KTMT respublikanın müraciətinə baxmağa hazırdır” (“Sputnik Armenia”dan sitat), “Yerevan Azərbaycanla sərhəddə baş verən insidentlərə görə KTMT-yə müraciət edərsə, təşkilat Ermənistana lazımi köməyi göstərəcək”, - deyə S.Zas izah edib.
O vurğulayıb ki, Qarabağ münaqişəsinin nizamlanması məsələsi hər zaman KTMT-nin diqqət mərkəzindədir:
“Biz artıq yaxşı bir sistem yaratmışıq. Onun köməyilə Ermənistan digər ölkələrə bu problem barədə məlumat verə bilər”.
Üstəlik, rəsmi Bakının Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalarda maraqlı olmadığı açıq-aydın görünür.
Lakin Stanislav Zasın sözlərindən dərhal sonra erməni tərəfi sərhəddə atışmalar barədə mütəmadi olaraq xəbərlər verməyə başladı.
Media.Az yaranan vəziyyəti şərh etməsi üçün “PolitRus” informasiya-analitik portalının rəhbəri Vitali Arkovdan münasibət öyrənib.
- Belə görünür ki, Ermənistan KTMT-ni münaqişəyə cəlb etməyə çalışır...
- Baş nazir Nikol Paşinyan tərəfindən təmsil olunan Ermənistan Azərbaycanı təcavüzkar kimi təqdim etməklə vəziyyəti dəyişməyə çalışır. Bu fikri beynəlxalq aləmə aşılamaq üçün sistemli işlər görülür.
Beləliklə, guya Azərbaycanın hücum etməyə çalışdığı və s. barədə mütəmadi bəyanatlar verilir. Yerevanda ümid edirlər ki, Azərbaycan ordusunun əsgərlərinin əsəbləri tab gətirməyəcək və təxribatlara cavab verəcək, o zaman Ermənistanın Azərbaycan tərəfinin hücumu barədə bəyanat verməyə əsası olacaq.
Və əlbəttə ki, atəşə məruz qalması ilə bağlı açıqlamalar yaymaqla, Yerevan KTMT-nin diqqətini cəlb etmək istəyir. Bunlar hamısı bir zəncirin halqalarıdır. Ermənistan özünü qurban obrazında göstərməyə çalışır. Ancaq məncə, Bakının bu təxribata uymamaq üçün kifayət qədər səbri və gücü olacaq.
- Yeri gəlmişkən, həmin gün Belarusun Ermənistandakı səfiri İqor Nazaruk Sovet İttifaqının təcrübəsini nəzərə alaraq, Azərbaycanın KTMT-yə daxil olacağını da istisna etmədi...
- Qarabağ münaqişəsi nizamlanmayana qədər bu barədə çətin ki müzakirələr olsun. KTMT-də qərarlar konsensus yolu ilə qəbul edilir və Ermənistanın Azərbaycanın təşkilatda olmasına qarşı çıxacağı aydındır.
Bundan əlavə, dinc bir qonşuluq olmasa, Bakının özü də KTMT-yə təşkilatın tamhüquqlu üzvü kimi qoşulmaq istəməyəcək. Bununla belə, “müşahidəçi” və “tərəfdaş” kimi əməkdaşlıq formatı məsələsi qaldırılıb.
Məncə, bu, yalnız Azərbaycan üçün edilib. Bakı ilə daha yaxından işləmək istəyən Rusiya, Qazaxıstan, Belarus kimi digər KTMT ölkələri də bunda maraqlıdır.