25 
Okt
2018
17:46
11
190
3511
Virtual karabakh

Boltonun səfəri Qarabağ münaqişəsinin həllinə kömək edəcəkmi? - ŞƏRH

25 Okt, 2018
17:46
3511

Boltonun səfəri Qarabağ münaqişəsinin həllinə kömək edəcəkmi? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, Con Bolton və prezident İlham Əliyev arasında ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, Azərbaycanın dünya enerji bazarında rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın ən aparıcı ölkələr sırasında yer aldığını sübut edir. 

Onun sözlərinə görə, Azərbaycanın hazırda həyata keçirdiyi böyük enerji layihələri regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərir. Heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil:

“Azərbaycan həyata keçirdiyi aktiv diplomatik fəaliyyəti ilə həm regional müstəvidə, həm də Avrasiyada mühüm aktor kimi öz yerini və rolunu çoxdan isbat edib.

Dünya siyasətini müəyyən edən ölkələrdən biri olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir daha bu kontekstdə qiymətləndirilməlidir”.

H.Babaoğlu vurğulayıb ki, əgər regionda hansısa təhlükəsizlikdən söhbət gedirsə, bizim üçün Ermənistan-Azərbaycan probleminin həll olunması məsələsi önə çıxır: 

“Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas paradiqmasını məhz bu müəyyənləşdirir. Həm dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu problemin həllində müstəsna yeri və rolu ola bilər.

Con Bolton çıxışında məhz Ermənistan-Azərbaycan münaqişəsinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

Con Bolton bundan sonrakı mərhələdə Ermənistana səfər edəcəyini və rəsmi Yerevanla bu məsələni müzakirə edəcəyini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdı. Düşünürəm ki, bu, xüsusi bir məqamdır.

Əgər bütün dünya özünün təhlükəsizliyini təmin etməlidirsə, beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar da bir-birilərinin qarşılıqlı təhlükəsizliyini mütləq nəzərə almalıdır. Azərbaycan təhlükəsizliyə töhfə verirsə, deməli, onun təhlükəsizliyinə tərəfdaşları və müttəfiqləri də mütləq diqqət yetirməlidir.

Düşünürəm ki, Con Boltonun səfəri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli kontekstində Azərbaycan üçün önəmli idi”.

Deputatın fikrincə, Azərbaycan C.Boltonla müzakirələrdə ərazi bütövlüyü məsələsində prinsipiallığını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı öz mövqeyini bir daha qətiyyətlə ortaya qoydu: 

“Bütövlükdə, hazırkı beynəlxalq münasibətlər sisteminin siyasi konyunkturasına nəzər salsaq görərik ki, ən müxtəlif problemlər məhz bu qarşılıqlı müzakirələr və qarşılıqlı maraqların təmin olunması formatında aktuallaşdırılır.

Ona görə də bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərsə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm bir görüş idi”.

Millət vəkili Kamilə Əliyeva da ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Azərbaycana səfərini, dövlət rəsmiləri, o cümlədən, ölkə prezidenti ilə görüşünü müsbət hadisə kimi qiymətləndirib.

Qeyd edib ki, bu səfər və keçirilən önəmli görüşlər iki ölkə arasında münasibətlərin və əlaqələrin inkişaf səviyyəsindən xəbər verir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan-ABŞ əlaqələri daim inkişafdadır, hər iki ölkənin milli maraqlarına cavab verir və bu cür görüşlər münasibətlərin daha da yüksələn xətt üzrə inkişafına xidmət edir:

“Həmçinin, səsləndirdiyi fikirlərlə Con Bolton bir daha təsdiqlədi ki, Birləşmiş Ştatların Qarabağ probleminin həlli üzrə prioritetləri dəyişməyib, ABŞ əvvəlki kimi problemin həlli prinsiplərinə sadiqdir və konfliktin davam etməsini regional və qlobal təsirlər baxımından təhlükəli sayır.

Xüsusi diqqətçəkən məqam odur ki, Bolton bu bəyanatı bəzi amerikalı siyasətçilərin Azərbaycanın işğal edilmiş torpaqlarının mütləq qaytarılmalı olduğu barədə bəyanatlarından sonra səsləndirib.

Başqa sözlə desək, Bolton Azərbaycan torpaqlarının işğalı faktından yaxşı xəbərdar olan ABŞ-ın ictimai və diplomatik rəyindən çıxış edir. Boltonun münaqişənin həlli prosesinə Azərbaycanın yanaşması ilə tanış olmaq məqsədini açıq deməsi onu göstərir ki, Paşinyanla da görüşdən sonra ABŞ-ın danışıqlar prosesini sürətləndirməklə bağlı yeni ideyaları olacaq.

Bu, Azərbaycan üçün çox əhəmiyyətlidir. Hesab edirəm ki, münaqişənin gələcək həlli prosesində bu məqam öz müsbət rolunu oynaya bilər.

Bizim də işğala və təcavüzə məruz qalan bir ölkə kimi gözləntimiz odur ki, həmsədr dövlətlər, o cümlədən, ABŞ, nəhayət, münaqişənin ədalətli həllində öz qəti sözünü desin, Ermənistana həddini bildirsin”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri