Apr
2019
15:30
173
168
3173
Virtual karabakh

Prezidentin 11 ayda gördüyü işlər: Noyabr

5 Apr, 2019
15:30
3173

Prezidentin 11 ayda gördüyü işlər: Noyabr

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.

Oxu.Az İlham Əliyevin prezidentliyinin son 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir. 

Növbəti yazı 2018-ci ilin noyabr ayını əhatə edir.

KADR İSLAHATLARI VƏ DƏYİŞİKLİKLƏR

Prezident İlham Əliyevin son bir illik fəaliyyəti ciddi kadr islahatları və dəyişiklikləri ilə yadda qalıb. Bunların bir qismi noyabr ayına təsadüf edir.

Belə ki, kadr dəyişiklikləri ilə bağlı prezidentin imzaladığı sərəncamlara əsasən, Fərid Abdinbəyov Azərbaycanın Rumıniyadakı, Adış Məmmədov isə ölkəmizin İsveç Krallığında, eyni zamanda, Norveç Krallığında və Finlandiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, Hüseyn Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Dövlət başçısının kadr islahatları ilə bağlı sərəncamlarına əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib, Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunub, bununla yanaşı, Pənah Süleymanov Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilib və bu posta Baba Salayev təyin olunub. Bundan başqa, müvafiq sərəncama uyğun olaraq, Hikmət Hacıyev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. 

ABADLAŞDIRMA İŞLƏRİ DAVAM EDİR

2018-ci ilin noyabr ayında prezident İlham Əliyev ümumilikdə yol, məktəb tikintisinə və abadlaşdırma işlərinə 62,588 milyon manat vəsait ayrılması ilə bağlı sərəncamlar imzalayıb.

Belə ki, sərəncamlara uyğun olaraq, 

- Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına 2,5 milyon manat;

- Ağdam rayonunda erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 121 fərdi yaşayış evinin bərpasına 3 milyon manat;

- Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisinə 1 milyon manat;

- İsmayıllının Basqal qəsəbəsində 432 şagird yerlik yeni ümumtəhsil məktəbinə 1 milyon manat;

- Bərdə şəhərində Tərtər çayı üzərində körpünün tikintisinə 4 milyon manat;

- Cəlilabad–Yardımlı avtomobil yolunun bərpasına 4,988 milyon manat;

- Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat;

- Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat;

- Sumqayıtda 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisinə 1 milyon manat;

- Sumqayıtda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə və abadlıq-quruculuq işlərinə 5 milyon manat;

- Yardımlıda 15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 9 milyon manat;

- Zaqatalada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 11 milyon manat;

- “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarının təmirinə 12 milyon manat ayrılıb.

VƏSAİT AYRILMIŞ SAHƏLƏRDƏ İŞLƏR NECƏDİR?

Prezidentin bu sərəncamlarına uyğun olaraq, Bərdə şəhərində Tərtər çayı üzərində körpü tikilib, Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində, İsmayıllının Basqal qəsəbəsində, Sumqayıtda yeni məktəb binalarının, Yardımlı–Bozayran–Bürzünbül–Vərgədüz–Sırıq və Zaqatala–Aşağı Tala–Üçüncü Tala–Dağlı–Muğanlı avtomobil yollarının tikintisi davam etdirilir. 

Bundan başqa, bir müddət əvvəl istifadəyə verilən Cəlilabad-Yardımlı avtomobil yolu martın 26-da çöküb.

BAKIDA VƏ REGİONLARDA AÇILIŞLAR 

Noyabrın 5-də İlham Əliyev Ağdam və Ağcəbədi rayonlarına səfərə yollanıb. Səfər çərçivəsində Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun, Muğam Mərkəzində, “Azərxalça”nın Ağdam filialının açılışlarında iştirak edib, bundan başqa, Ağcabədinin Hindarx qəsəbəsində pambıq sahəsinə baxış keçirib, Qarabağ Atçılıq Kompleksində yaradılan şəraitlə tanış olub. 

Noyabrın 15-də prezident Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin ətrafındakı ərazidə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olub.

İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gedib. Prezident Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun, Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun, Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabrikinin və Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib.

VACİB SƏFƏRLƏR VƏ GÖRÜŞLƏR

Prezident İlham Əliyev noyabrın 18-də Belarusa rəsmi səfərə gedib. 

Səfər çərçivəsində İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib, Azərbaycan Ticarət Evi ilə tanış olub. İlham Əliyevin Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Görüş zamanı bir sıra vacib sənədlər imzalanıb və prezidentlər mətbuata birgə bəyanatla çıxış ediblər.

Dövlət başçısı noyabrın 21-də Türkmənistana səfər edib. Səfər zamanı İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib, Türkmən milli xalça muzeyi ilə tanış olub. 

Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşləri olub. 

İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir:

“Həm Türkmənistan, həm də Azərbaycan böyük təbii ehtiyatlara malik ölkələrdir. Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir”. 

Tərəflər arasında bir sıra vacib sənədlər imzalanıb və ölkə başçıları mətbuata birgə bəyanatla çıxış ediblər.

YENİ QURUMLARIN YARADILMASI

Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq, noyabr ayında iki yeni qurum yaradılıb. 

Belə ki, noyabrın 1-də imzalanan müvafiq sərəncama uyğun olaraq, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılıb. 

Bundan başqa, noyabrın 6-da İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri