15 
Mar
2019
14:05
273
137
5451
Virtual karabakh

Prezidentin 11 ayda gördüyü işlər: May - VİDEO

15 Mar, 2019
14:05
5451

Prezidentin 11 ayda gördüyü işlər: May - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.

Oxu.Az İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir. 

Növbəti yazı may ayını əhatə edir. 

KADR İSLAHATLARI 

Prezident İlham Əliyevin son bir illik fəaliyyəti ciddi kadr islahatları ilə yadda qalıb. Bu islahatların bir hissəsi may ayına təsadüf edir. 

Mayın 11-də İlham Əliyevin sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. 

Bundan başqa, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov prezidentin müvafiq sərəncamları ilə vəzifələrindən azad edilib. Digər sərəncamla Rövşən İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

REGİONLARA SƏFƏRLƏR

İlham Əliyev aprelin 11-də keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra mayın 4-də regionlara səfərlərə başlayıb.

İlk səfər Xaçmaz rayonuna olub.

Səfər zamanı prezident Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsində, “Azərxalça” ASC-nin Xaçmaz filialının və Xaçmaz-Xudat avtomobil yolunun açılışında iştirak edib.

Daha sonra prezident Xızı rayonuna səfər edərək, burada Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsi mərasimində və Giləzi-Xızı avtomagistralını Fındığan kəndi ilə birləşdirən yolun açılışında iştirak edib. 

Prezident İlham Əliyevin regionlara növbəti səfəri Naxçıvan Muxtar Respublikasına olub. O, burada bir sıra açılış mərasimlərinə qatılıb. 

Bundan başqa, İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsindəki sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

ABADLAŞDIRMA ÜÇÜN PUL AYRILDI

2018-ci ilin may ayında prezident İlham Əliyev ümumilikdə yol tikintisinə 127,6 milyon manat vəsait ayrılması ilə bağlı sərəncamlar imzalayıb. 

Prezidentin bu sərəncamlarına uyğun olaraq, ötən il dekabrın 28-də Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışı olub və 2019-cu il yanvarın 10-da Tərtər çayı üzərində 126 metr uzunluğunda yeni körpü inşa edilib. 

Bundan başqa, ötən il oktyabrın 20-də yayılan məlumatlarda Ağsu rayonunda Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci km-dən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun tikintisinə başlanıldığı bildirilib. 

Lökbatan-Güzdək avtomobil yolunun tikintisi ilə bağlı son məlumat bu il yanvarın 14-də yayımlanıb. Bildirilib ki, yolun tikintisində işlər yekunlaşmaq üzrədir.

Yanvarın 15-də isə Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulması ilə bağlı məlumat dərc edilib. Qeyd edilib ki, 58 kilometr uzunluğunda yolda tikinti işləri uğurla davam etdirilir.

Bundan başqa, prezidentin ötən ilin mayında verdiyi sərəncamlara əsasən,

Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi işlərinə bu il martın 6-da başlanılıb. Binanın bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. 

ƏFV SƏRƏNCAMI

Mayın 24-də prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub.

Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş doqquz nəfər cəzadan azad edilib. 

Eləcə də, islah işləri cəzasına məhkum edilmiş altı nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olunub.

CÜMHURİYYƏTİN 100 İLLİYİ

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi qeyd edilib. 

Mayın 28-də İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib.

Ölkə başçısı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi hadisə olduğunu deyib. 

“İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılıb. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır”, - deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, 2017-ci il mayın 16-da İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb. Bundan başqa, ötən il yanvarın 10-da prezidentin digər sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. 

BAKIDA BEYNƏLXALQ İDMAN YARIŞLARI

Prezident İlham Əliyev ötən ilin mayında Bakıda keçiriləcək beynəlxalq idman yarışları ilə bağlı müvafiq sərəncamlar verib. 

Belə ki, mayın 7-də, Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin və mayın 15-də Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamlar imzalanıb.

BAKIDAKI AÇILIŞLAR

İlham Əliyev ötən ilin mayında Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının, “Dinamo” hotelinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının, Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının, Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun və Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılış mərasimlərimdə iştirak edib. 

Bundan əlavə, prezident İlham Əliyev Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin də açılışını edib. Ümumi sahəsi 6,4 hektar olan yaşayış kompleksində iki bloklu, doqquz mərtəbəli 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. 

Yeni yaşayış kompleksində qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunub. Kompleksdə 222 yerlik uşaq bağçası və 624 şagird yerlik tam orta məktəb də inşa olunub.

Ötən ilin mayında ən yaddaqalan hadisələrindən biri 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub. Tədbirdə İlham Əliyevlə yanaşı, bir sıra xarici ölkə rəsmiləri də iştirak edib.

VETERANLARLA GÖRÜŞ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib. İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub. 

Daha sonra prezident və xanımı Böyük Vətən Müharibəsi veteranları ilə, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşüb. 

İNCƏSƏNƏT XADİMLƏRİ DƏ DİQQƏTDƏN KƏNARDA QALMADI

Prezident incəsənət xadimlərini də diqqətdən kənarda saxlamayıb. Mayın 9-da prezidentin sərəncamları ilə aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları və fərdi təqaüdləri, mayın 18-də İlham Əliyevin digər sərəncamı ilə Muzey işi sahəsində çalışan bir qrup şəxsə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. 

Mayın 27-də isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 33 incəsənət xadiminə “Xalq artisti”, yeddi rəssama “Xalq rəssamı”, 55 nəfərə “Əməkdar artist”, 10 nəfərə “Əməkdar rəssam”, bir nəfərə “Əməkdar incəsənət xadimi”, 12 nəfərə “Əməkdar mədəniyyət işçisi” fəxri adlarının verilməsi ilə bağlı prezident sərəncam imzalayıb. 

YENİ QURUMLARIN YARADILMASI

İlham Əliyev mayın 22-də “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” fərman imzalayıb.

Sərəncama əsasən, Mərkəzin nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan bir milyon manat ayrılıb.

Bundan başqa, ötən ilin mayında Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb. Prezident müvafiqə fərmanı mayın 25-də imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri