11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Ötən bir il ölkə həyatında, sosial, siyasi, iqtisadi və dövlət idarəçiliyi sahəsində böyük islahatlarla yadda qaldı. Bəzi qurumlar ləğv olundu, digərləri birləşdirildi, sosial ödənişlər sahəsində müstəqillik tarixində ilk dəfə 100 faizlik artımlar qeydə alındı və əlbəttə ki, 2014-cü ildən davam edən, insanların artıq həllinə ümidlərini itirdiyi problemli kreditlər məsələsi prezidentin qəti iradəsi ilə həllini tapdı.
Oxu.Az qeyd olunanları nəzərə alaraq, İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrə start verir.
Bu yazılarda aparılan islahatlar və onun nəticələri, imzalanan, lakin hansısa səbəblərdən icra olunmayan fərman və sərəncamlar barədə qeydlər əksini tapacaq.
Beləliklə, 11 aprel – 1 may tarixlərini əhatə edən ilk məqaləyə başlayırıq.
SEÇKİDƏN SONRAKI İLK GÜN – İLK AÇILIŞ
2017-ci ilin ən səs-küylü hadisələrindən biri Bakının “Sovetski” adlanan ərazisində yenidənqurma işləri çərçivəsində Hacı Cavad məscidinin sökülməsi idi.
Belə ki, məscidin sökülməsi ilə bağlı ictimai narazılıq fonunda prezident məsələnin araşdırılması üçün xüsusi komissiya yaratmış, bir müddət sonra isə bu məscidin ərazisində yerləşdiyi Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunmuşdu.
Beləliklə, seçkilərdən dərhal sonra, artıq aprelin 12-də dövlət başçısı Yasamal rayonu ərazisində Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak etdi.
Tədbirdə çıxış edən dövlət başçısı dini dəyərlərin milli-mənəvi dəyərlərin tərkib hissəsi olduğunu, Azərbaycan xalqının öz köklərinə, ənənələrinə sadiq xalq olduğunu vurğulayıb, ölkədə məscidlərin tikintisinə olan dövlət dəstəyindən danışıb.
Prezidentin 11 ayda gördüyü işlər: Aprel
ALİ BAŞ KOMANDAN HƏRBİ SAHƏNİ DİQQƏTDƏN KƏNAR QOYMUR
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
O, yeni xüsusi təyinatlı döyüş texnikasına, raket komplekslərinə, zərbəendirici pilotsuz uçan aparatlarına, silahlara, nəqliyyat vasitələri üzərində texniki-nəzarət stansiyalarına, idarəetmə və digər təyinatlı avadanlıqlara baxış keçirib.
İlham Əliyev yeni inşa olunan “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
İDMAN DA YADDAN ÇIXMAYIB
Aprelin 29-da isə dövlət başçısı Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsini izləyib.
Açılış mərasimində Azərbaycan himninin ifası tədbirdə iştirak edən qonaqlar, turistlərin böyük marağına səbəb oldu. Belə ki, himni gənc müğənni Samirə Əfəndi Əməkdar artist İsfar Sarabskinin pianoda müşayiəti ilə solo oxuyub.
Qeyd edək ki, son dörd ildə Azərbaycanda Formula 1 yarışlarının keçirilməsi ölkəyə xüsusilə də Qərb ölkələrindən turist axınlarının artmasına səbəb olub. Yarışlar məşhur dünya ulduzlarının Azərbaycan auditoriyası qarşısında çıxışlarını təmin edir və məşhur sənətçiləri izləmək üçün qonşu ölkələrdən on minlərlə insan Azərbaycana səfər edir.