Fransanın paytaxtı Parisdə yerləşən Milli Kitabxananın əməkdaşı məşhur Avstriya bəstəkarı Volfqanq Amadey Motsarta məxsus, içərisində arfa və fleyta üçün yeddi pyesin qeyd olunduğu not dəftərini aşkar edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Nadir tapıntı mədəniyyət müəssisəsinin divarları arasında saxlanılan və 1794-cü il inqilabı dövründə qraf de Ginin evindən müsadirə olunmuş adsız əlyazmaların arasından tapılıb. Bildirilir ki, bəstəkar bu dəftərdən 1778-ci ildə Parisə son səfəri zamanı qrafın qızı, gənc arfa ifaçısı Mari-Luiza-Filippina de Bonnyer de Ginə dərslər verərkən istifadə edib. Əsərlərin müəllifliyinin birmənalı şəkildə Motsarta aid olmasını onun doğma şəhəri Zaltsburqdakı Motsart kitabxanasının mütəxəssisləri təsdiqləyiblər.
Kitabxananın kuratoru Fransua-Pyer Quanın sözlərinə görə, 44 səhifəlik əlyazmada bəstəkarın hər gün verdiyi onlarla dərsin qeydləri, o cümlədən sonuncusu yarımçıq qalmış arfa və fleyta üçün yeddi pyes yer alıb.
İyunun 21-də, Fransada Musiqi Gününün qeyd olunduğu vaxt, əvvəllər heç yerdə yayımlanmamış bu yeddi əsər Fransa Milli Kitabxanasında dəvət olunmuş qonaqlar qarşısında Fransa Radiosunun Filarmoniya Orkestrinin iki musiqiçisi tərəfindən ilk dəfə ifa ediləcək. Ümumi müddəti təxminən 20 dəqiqə olan pyeslər bu həftə lentə alınıb və bazar ertəsi yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 17:00-da) "France Musique" radiostansiyasında yayımlanacaq. Əlyazmanın orijinalı isə bazar günü keçiriləcək konsert zamanı ictimaiyyətə nümayiş etdiriləcək.