11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Oxu.Az İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir.
Növbəti yazı may ayını əhatə edir.
KADR İSLAHATLARI
Prezident İlham Əliyevin son bir illik fəaliyyəti ciddi kadr islahatları ilə yadda qalıb. Bu islahatların bir hissəsi may ayına təsadüf edir.
Mayın 11-də İlham Əliyevin sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Bundan başqa, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov prezidentin müvafiq sərəncamları ilə vəzifələrindən azad edilib. Digər sərəncamla Rövşən İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin 11 ayda gördüyü işlər: May - VİDEO
İNCƏSƏNƏT XADİMLƏRİ DƏ DİQQƏTDƏN KƏNARDA QALMADI
Prezident incəsənət xadimlərini də diqqətdən kənarda saxlamayıb. Mayın 9-da prezidentin sərəncamları ilə aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları və fərdi təqaüdləri, mayın 18-də İlham Əliyevin digər sərəncamı ilə Muzey işi sahəsində çalışan bir qrup şəxsə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
Mayın 27-də isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 33 incəsənət xadiminə “Xalq artisti”, yeddi rəssama “Xalq rəssamı”, 55 nəfərə “Əməkdar artist”, 10 nəfərə “Əməkdar rəssam”, bir nəfərə “Əməkdar incəsənət xadimi”, 12 nəfərə “Əməkdar mədəniyyət işçisi” fəxri adlarının verilməsi ilə bağlı prezident sərəncam imzalayıb.
YENİ QURUMLARIN YARADILMASI
İlham Əliyev mayın 22-də “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” fərman imzalayıb.
Sərəncama əsasən, Mərkəzin nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan bir milyon manat ayrılıb.
Bundan başqa, ötən ilin mayında Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb. Prezident müvafiqə fərmanı mayın 25-də imzalayıb.