Apr
2019
12:15
448
180
2824
Virtual karabakh

Prezidentin 11 ayda gördüyü işlər: Avqust – VİDEO

1 Apr, 2019
12:15
2824

Prezidentin 11 ayda gördüyü işlər: Avqust – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.

Oxu.Az-ın İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrindən növbətisi 2018-ci ilin avqust ayını əhatə edir.

YENİ QURUMLARIN YARADILMASI

Prezident İlham Əliyev avqustun 1-də ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib və Sahibkarlığın İnkişafı Fondu yaradılıb. 

Bundan başqa, prezidentin digər sərəncamı ilə Azərbaycanda “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST Agentliyi) publik hüquqi şəxs yaradılıb. 

“DOST” mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin, operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri, eləcə də, vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla həyata keçirilməsi, əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulub.

QARABAĞ ƏLİLLƏRİ İLƏ GÖRÜŞ

Avqustun 1-də İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak edib. Mərasimdə Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 35 mənzil və 136 minik maşını verilib. 

Prezident mərasimdə çıxış edib. O bildirib ki, ilin sonuna qədər dörd min köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. 

İlham Əliyev ötən ilin sonu-bu ilin əvvəllərində Sumqayıt və Abşeronda mindən çox məcburi köçkün ailəsi üçün yeni tikilmiş yaşayış komplekslərinin açılışlarında iştirak edib. 

Avqustun 2-də dövlət başçısının sərəncamına əsasən, Azərbaycan uğrunda əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün 20 milyon manat ayrılıb. 

 

 

Sərəncamların icrasına uyğun olaraq, Gədəbəydə yol tikintisi başa çatıb, ötən il dekabrın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının köçürülməsinə başlanılıb, Təzəpir məscidi kompleksində yenidənqurma işləri, Babək prospektinin yenidən qurulması yekunlaşıb, Lənkəran rayonunda Hirkan-Daştatük-Biləsər və Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yollarının yenidənqurmadan sonra açılışı olub, bu ilin martın 7-də Şamaxıda - 44 mənzilli binanın təməli qoyulub, fevralın 11-də İsmayıllıda 48 mənzilli yaşayış binasının tikintisinə başlanılıb, İsmayıllı şəhərində yeni uşaq bağçası tikilib. 

Bundan başqa, yayılan məlumatlara görə, Ordubad Su Elektrik Stansiyasının tikinti işləri, Bakıda avtobus parkının yenilənməsi davam edir, Səngəçal–Çeyildağ avtomobil yolunun yenidən qurulması yekunlaşır, Xudat-Həzrə və Lənkəran-Lerik avtomobil yolları yenidən qurulur və İsmayıllıda yeni xalça istehsalı emalatxanası tikilir.

XƏZƏR KONVENSİYASI

İlham Əliyev avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə səfər edib. Toplantıda Aktauda Xəzəryanı dövlətlərin başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Daha sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

İlham Əliyev çıxışı zamanı bildirib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir: 

“Əlbəttə, bugünkü imzalanma mərasimi qarşımızda yeni perspektivlər açır. Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir”.

Bundan başqa, prezident Aktauda qazaxıstanlı və iranlı həmkarları ilə vacib görüşlər keçirib.

REGİONLARA SƏFƏR VƏ YENİ AÇILIŞLAR

Prezident avqust ayında da regionlara səfər edərək, bir sıra müəssisələrin və yolların açılışında iştirak edib.

Avqustun 25-də İlham Əliyev Şamaxı və İsmayıllı rayonlarına səfər edib. 

O, səfər çərçivəsində Şamaxı rayonunda Meysəri kənd tam orta məktəbinin yeni binasının, “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun, İsmayıllı rayonunda 1000 başlıq müasir heyvandarlıq kompleksinin, “Azərxalça” ASC-nin İsmayıllı filialının, “Azərişıq” ASC-nin yenidən qurulan 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyasının, Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun, “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Dəmirçi Arxeologiya Muzeyinin, Dəmirçi-Lahıc avtomobil yolunun, Lahıc qəsəbəsində yeni inşa olunan məktəb binasının açılışlarında, eləcə də, Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edib. 

BAKIDA AÇILIŞLAR

İlham Əliyev avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışı mərasiminə qatılıb və mərkəzin fəaliyyəti ilə tanış olub. 

Bundan başqa, prezident Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı, həmçinin, Bakı Bulvarında yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışını edib. 

KANSLER İLK DƏFƏ BAKIDA

Avqustun 25-də Almaniya kansleri Angela Merkel ilk dəfə Azərbaycana rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra iki ölkə liderləri arasında geniştərkibli görüş keçirilib. 

Görüşün ardından İlham Əliyev və Angela Merkel birgə mətbuat konfransı keçiriblər. Azərbaycan prezidenti konfransda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb. 

Bundan başqa, prezident deyib ki, son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulub ki, bunun da təxminən yarısı xarici sərmayədir.

Daha sonra Heydər Əliyev Mərkəzində İlham Əliyev və Angela Merkelin iş adamları ilə görüşü olub. 

KADR İSLAHATLARI DAVAM EDİR

Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyəti başçısı, Niyazi Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı vəzifələrindən azad edilib. 

Digər sərəncamlarla Niyazi Bayramov Gəncə, Vaqif Həsənov Ağdam və İbrahim Mustafayev Gədəbəy İcra Hakimiyyətinin başçısı təyin olunub. 

Bundan başqa, avqustun 31-də prezident Elbrus İsayevin Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. 

ÖLKƏNİN BİRİNCİ ŞƏXSİ

Ötən il sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanıb.

Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də prezident İlham Əliyevə təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri