11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Oxu.Az İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir.
Növbəti yazı 2018-ci ilin iyul ayını əhatə edir.
KADR İSLAHATLARI DAVAM EDİR
Prezident İlham Əliyevin son bir illik fəaliyyəti ciddi kadr islahatları ilə yadda qalıb. Bunların bir qismi iyul ayına təsadüf edir.
Belə ki, iyulun 30-da prezidentin imzaladığı sərəncama əsasən, Ceyran Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
İlham Əliyevin həmin gün imzaladığı digər sərəncamlarla Vüqar Səfərov Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və bu posta Mirsənani Seyidov təyin olunub.
Bundan başqa, prezidentin digər sərəncamı ilə Əsgər Rəsulov Milli Arxiv İdarəsinin rəisi təyin edilib.
ABADLAŞDIRMADA NÖVBƏTİ SƏRƏNCAMLAR
2018-ci ilin iyul ayında prezident İlham Əliyev ümumilikdə yol tikintisinə, abadlaşdırma və quruculuq işlərinə 67,2 milyon manat vəsait ayrılması ilə bağlı sərəncamlar imzalayıb.
Prezidentin bu sərəncamlarına uyğun olaraq,
- Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulmasına 7,1 milyon;
- Ağdaşın su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması ilə əlaqədar 22 milyon;
- “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulmasına 1,2 milyon;
- Qəbələdə yol tikintisinə 6,8 milyon;
- Masallıda yol tikintisinə 7,5 milyon;
- Qaradağ rayonunun Lökbatan-Qızıldaş avtomobil yolunun tikintisi ilə əlaqədar 7,9 milyon;
- Tərtərdə xalça istehsalı emalatxanasının tikintisi və təchizatına 2 milyon;
- Göyçayın Cəyirli-Alpout avtomobil yolunun tikintisi ilə əlaqədar 8 milyon;
- Astarada yol tikintisinə 3,4 milyon manat ayrılıb.
Bundan başqa, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat vəsait ayrılıb.
Prezidentin bu sərəncamlarına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsi, Masallıda Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı, Qələbədə Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolları yenidən qurulub, Tərtərdə xalça istehsalı emalatxanası istifadəyə verilib.
Prezidentin 11 ayda gördüyü işlər: İyul
İlham Əliyev ölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə irad tutub:
“Təkcə 15 il ərzində 2500 meqavatt gücündə elektrik stansiyaları yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz, sadəcə, utanmalısınız. Xalq qarşısında, ölkə qarşısında. İnsanlara bu qədər əziyyət vermisiniz. Metroda qocalar, qadınlar, uşaqlar, xəstələr, liftdə qalanlar...”
İlham Əliyev qeyd edib ki, hadisə nəticəsində ölkəyə böyük iqtisadi ziyan dəyib.
İyulun 9-da İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident çıxışı zamanı Mingəçevir İES-dəki qəzanı nəzərdə tutaraq, deyib ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir.
Bu hadisə ilə bağlı olaraq E.Pirverdiyev tutduğu vəzifədən azad edilib.
Bundan başqa, o, 2018-ci ilin sonunadək Bakı-Gəncə sürət qatarının xəttə buraxılacağını açıqlayıb. Xatırladaq ki, sürət qatarı ötən il dekabrın 29-da ilk reysini həyata keçirib.
İclasda prezidentin səsləndirdiyi daha bir fikir yaxın gələcəkdə Sumqayıtda iki zavodun açılacağı ilə bağlı olub.
Qeyd edək ki, ötən ilin iyulun 18-də Sumqayıtda “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun, noyabrın 16-da əlvan metallar və ferroərintilər zavodunun, inşaat kimyəviləri zavodunun, bu ilin fevralın 18-də yüksəksıxlıqlı polietilen zavodunun açılışları olub.
HƏMKARLARLA GÖRÜŞ
Prezident İlham Əliyev iyul ayında həmkarları ilə bir sıra vacib görüşlər keçirib.
İlk olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib və dövlət başçılarının görüşü keçirilib. Görüşdən sonra liderlər mətbuata birgə bəyanatla çıxış ediblər.
Bundan başqa, İlham Əliyev ölkəmizə səfərə gələn İtaliya prezidenti ilə görüşüb. Prezidentlər Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında və Azərbaycan-İtaliya biznes forumunda iştirak ediblər.
İlham Əliyev iyulda Belçika və Fransaya səfər edib. Səfərlər çərçivəsində bir sıra vacib görüşlər keçirilib.