11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Oxu.Az-ın İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrindən növbətisi 2018-ci ilin avqust ayını əhatə edir.
YENİ QURUMLARIN YARADILMASI
Prezident İlham Əliyev avqustun 1-də ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib və Sahibkarlığın İnkişafı Fondu yaradılıb.
Bundan başqa, prezidentin digər sərəncamı ilə Azərbaycanda “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST Agentliyi) publik hüquqi şəxs yaradılıb.
“DOST” mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin, operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri, eləcə də, vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla həyata keçirilməsi, əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulub.
QARABAĞ ƏLİLLƏRİ İLƏ GÖRÜŞ
Avqustun 1-də İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak edib. Mərasimdə Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 35 mənzil və 136 minik maşını verilib.
BAKIDA AÇILIŞLAR
İlham Əliyev avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışı mərasiminə qatılıb və mərkəzin fəaliyyəti ilə tanış olub.
Bundan başqa, prezident Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı, həmçinin, Bakı Bulvarında yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışını edib.

KANSLER İLK DƏFƏ BAKIDA
Avqustun 25-də Almaniya kansleri Angela Merkel ilk dəfə Azərbaycana rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra iki ölkə liderləri arasında geniştərkibli görüş keçirilib.
Görüşün ardından İlham Əliyev və Angela Merkel birgə mətbuat konfransı keçiriblər. Azərbaycan prezidenti konfransda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb.

Bundan başqa, prezident deyib ki, son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulub ki, bunun da təxminən yarısı xarici sərmayədir.
Daha sonra Heydər Əliyev Mərkəzində İlham Əliyev və Angela Merkelin iş adamları ilə görüşü olub.
KADR İSLAHATLARI DAVAM EDİR
Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyəti başçısı, Niyazi Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı vəzifələrindən azad edilib.
Digər sərəncamlarla Niyazi Bayramov Gəncə, Vaqif Həsənov Ağdam və İbrahim Mustafayev Gədəbəy İcra Hakimiyyətinin başçısı təyin olunub.
Bundan başqa, avqustun 31-də prezident Elbrus İsayevin Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
ÖLKƏNİN BİRİNCİ ŞƏXSİ
Ötən il sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanıb.
Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də prezident İlham Əliyevə təqdim olunub.
