Apr
2019
18:00
450
206
2359
Virtual karabakh

Prezidentin son 11 ayda gördüyü işlər: Sentyabr

2 Apr, 2019
18:00
2359

Prezidentin son 11 ayda gördüyü işlər: Sentyabr

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.

Oxu.Az İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir. 

Növbəti yazı 2018-ci ilin sentyabr ayını əhatə edir.

KADR İSLAHATLARI DAVAM EDİR

Son bir ildə aparılan ciddi kadr islahatlarının bir qismi sentyabr ayına təsadüf edir.

Prezidentin imzaladığı müvafiq sərəncamlara əsasən, Etibar Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. 

Digər sərəncamlara əsasən, Balababa Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Sadiq Sadıqov Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. 

 

 

VƏSAİT AYRILMIŞ SAHƏLƏRDƏ İŞLƏR NECƏDİR?

Prezidentin bu sərəncamlarına uyğun olaraq, Şabran-Əmirxanlı-Qazbabalı, Oğuz rayonunun Bucaq–Muxas–Baş Daşağıl,Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yollarının tikintisi və Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası başa çatdırılıb. 

Bundan başqa, Biləsuvarda 48 mənzilli yaşayış binasının və 1176 yerlik yeni məktəb binasının, eləcə də, Zərdab-Qaravəlli yolunun, Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun tikintisi,  İvanovka Mədəniyyət Sarayının təmiri davam etdirilir. 

TƏDRİS İLİ BAŞLADI – MƏKTƏB AÇILIŞLARI

Dövlət başçısı ötən ilin sentyabrında Bakıdakı bir sıra məktəblərdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Belə ki, prezident Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 nömrəli, Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli, Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli, Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli, Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəblərdə və Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə olub. 

Bundan başqa, İlham Əliyev Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışını edib. 

BAKININ AZAD EDİLMƏSİNİN 100 İLLİYİ – TÜRKİYƏ YENƏ YANIMIZDA

Ötən ilin sentyabrında Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsindən 100 il ötüb. Bu münasibətlə Azərbaycan paytaxtında hərbi parad təşkil edilib. 

Bu paradı izləmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib. 

Paradda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.

Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdiriblər.

Prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxış edib. 

O bildirib ki, Azərbaycan Milli Ordusu və Qafqaz İslam Ordusunun Bakını birgə azad etməsi tarixi hadisə idi. 

Prezident bu gün Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu deyib:

“Azərbaycanla Türkiyə birgə layihələrlə Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaradır. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq. Bu gün bütün dünya görür ki, Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır, əbədidir”. 

Bundan başqa, dövlət başçısı bu gün Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olduğunu diqqətə çatdırıb. 

Bununla yanaşı, Milli Məclisdə də Bakının azad edilməsinin 100 illiyi ilə əlaqədar təntənəli iclas keçirilib və İlham Əliyev bu tədbirdə iştirak edib.

REGİONLARDA AÇILIŞLAR DAVAM EDİR

İlham Əliyev sentyabrın 18-də Masallı və Biləsuvar rayonlarına səfərə gedib. Səfər zamanı prezident Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi, Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı, Biləsuvarda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yollarının, Masallı Sənaye Məhəlləsinin, “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsinin, Biləsuvarda Bayraq Muzeyinin, Biləsuvarda Gənclər Evinin açılışlarında iştirak edib. 

VACİB GÖRÜŞLƏR

Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycana rəsmi səfərə gəlib və İlham Əliyevlə təkbətək görüş keçirib. Daha sonra prezidentlər Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində iştirak ediblər. 

Bundan başqa, Azərbaycan prezidenti sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən iclasında iştirak edib. Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistanla Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

İDMAN DA DİQQƏTDƏN KƏNARDA QALMAYIB

Sentyabrın 21-də Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

“AZERSPACE-2” PEYKİ ORBİTƏ BURAXILDI

Azərbaycanın “Azerspace-2” peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri