11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Oxu.Az İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir.
Növbəti yazı 2018-ci ilin oktyabr ayını əhatə edir.
KADR İSLAHARTLARI VƏ DƏYİŞİKLİKLƏR
Prezident İlham Əliyevin son bir illik fəaliyyəti ciddi kadr islahatları ilə yadda qalıb. Bunların bir qismi oktyabr ayına təsadüf edir.
Belə ki, oktyabrda verilən sərəncamlara əsasən, Vaqif Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin, Asif Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İsmayıl Ələkbərov isə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.
Digər sərəncamlarla Vüqar Zeynalov Səbail, Asif Ağayev Beyləqan, Tahir Məmmədov Şamaxı rayon icra başçısı, Qulu Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.
Bundan başqa, dövlət başçısı oktyabrda bir sıra kadr dəyişiklikləri də edib. Onun sərəncamlarına əsasən, Qaya Məmmədov Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı, Fəxrəddin İsmayılov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, Oktay Qurbanov ölkəmizin Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri, Elxan Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə, Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilib.
Bundan başqa, müvafiq sərəncamlarla Emin Eyyubov ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, Tarik Əliyev Azərbaycanın Mərakeş Krallığında, Qambiya Respublikasında, Mali Respublikasında, Mavritaniya İslam Respublikasında, Portuqaliya Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi, Aydan Rzayeva isə ölkəmizin Avstraliya İttifaqında fəxri konsulu vəzifəsindən geri çağırılıb.