İyl
2023
20:12
717
20
4841
Virtual karabakh

Türkiyə və Azərbaycan hava məkanlarını birgə qoruyacaqlar: Bizi təhdid edənlər bir daha düşünəcəklər - FOTO

8 İyl, 2023
20:12
4841

Türkiyə və Azərbaycan hava məkanlarını birgə qoruyacaqlar: Bizi təhdid edənlər bir daha düşünəcəklər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə və Azərbaycan hava məkanlarının vahid sistem ilə mühafizəsini təmin etmək qərarına gəlib. Bunun üçün yeni layihəyə start verilib. Ekspertlər bu addımın iki ölkənin hərbi inteqrasiyasını daha da sürətləndirəcəyi qənaətindədir.

Türkiyə və Azərbaycan ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini reallaşdırır. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün deyib ki, bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir.

Haluk Görgün onu da vurğulayıb ki, bu layihə tam reallaşdıqda, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək. Regionda baş verənlər fonunda bu layihənin siyasi və hərbi əhəmiyyəti nədən ibarətdir? “HAKİM” bölgədə Azərbaycana hansı hərbi-strateji üstünlüyü təmin edəcək? Regiondakı digər ölkələrin bu layihəyə münasibəti necə olacaq?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ölkəmizin siyasi mövqeyini gücləndirəcək

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, Azərbaycanla Türkiyənin birgə “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemini yaratması regionda yeni reallıq formalaşdıracaq: “Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq dinamik inkişaf edən sahələrdəndir. Xüsusi vurğulamaq lazımdır ki, 2007-ci ildən başlayaraq Azərbaycanla Türkiyə yüksək səviyyəli hərbi məsləhətləşmələr keçirməkdədirlər və bu, çox əhəmiyyətlidir. 2013-cü ildən başlayaraq iki ölkə birgə hərbi təlimlər keçirir. Hava komandanlıq idarəetmə sisteminin yaradılması isə Azərbaycanın müdafiə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu, Azərbaycanın siyasi gücünə və mövqelərinə də müsbət təsir göstərəcək. İndiki halda Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda çox təsirli amildir. Bu birliyi möhkəmləndirən istənilən yeni element təbii ki, ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Çünki Cənubi Qafqaz regionu özünün yüksək münaqişə potensialı ilə səciyyələnir. Bu regionda tarix boyu vahid təhlükəsizlik sisteminin qurulması istiqamətində cəhdlər edilib. Lakin bir nəticə əldə olunmayıb. Bu baxımdan Azərbaycanla Türkiyənin hava komandanlıq idarəetmə sistemi layihəsinin həyata keçirilməsi Cənubi Qafqazda ümumi təhlükəsizlik mühitinə də çox müsbət təsir göstərəcək”.

NATO standartlarının tətbiqi imkanları genişlənib

Müdafiə Nazirliyinin Raket-Artilleriya Silahları xidmətinin sabiq rəisi Əhəd Əzizov bildirdi ki, layihənin həyata keçirilməsi ilə hər iki ölkənin Hərbi Hava Qüvvələri (HHQ) birgə əməliyyatlar həyata keçirmək, eləcə də Türkiyənin hava məkanı ilə yanaşı, Azərbaycan hava məkanına da nəzarət etmək imkanı əldə edir: “Artıq heç kimə sirr deyil ki, Azərbaycan və Türkiyə hərbi əməkdaşlığını sürətlə inkişaf etdirir. Bu əməkdaşlığın nəticəsi olaraq, Azərbaycan Ordusunun Türkiyə modelinə keçidinin növbəti mərhələsi baş tutub. Eyni zamanda, bununla ordumuzda NATO standartlarının tətbiqi imkanları genişlənib. Bu layihə tam həyata keçirildikdə, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər dənizinə qədər uzanacaq. İki ölkənin hərbi hava qüvvələri eyni şəkildə hərəkət edə biləcək. Modul və genişləndirilə bilən arxitektura sayəsində “HAKİM” mövcud və ya gələcəkdə daxil edilməsi planlaşdırılan yeni sistemlərlə tam uyğunluqda işləyə biləcək”.

Bizi təhdid edənlər bir daha düşünəcək

Hərbi ekspert vurğuladı ki, bu sistem ölkəmizin hava məkanını ikiqat nəzarətdə saxlama imkanını təmin edir: “Bu, dost olmayan dövlətlərin siyasi və hərbi rəhbərliyini ölkəmizə qarşı təhdid xarakterli fikirlər söylədiyi zaman bir daha düşünməyə vadar edən amildir. İranla Azərbaycan arasında Xəzər dənizində yaranan mübahisə zamanı dövlətimizə qarşı yönələn təhdidlərin və təxribatların qarşısını almaq məqsədi ilə türkiyəli pilotlar 2001-ci ildə Bakı səmasında uçuşlar həyata keçirdilər. Məhz bu uçuşlardan sonra bizə qarşı təhdidlərə son qoyuldu. Bu fakt onu göstərir ki, hava məkanımızın birgə qorunması tək hərbi deyil, həm də siyasi güc nümayişidir. “HAKİM” sisteminin hərbi əhəmiyyəti isə adından göründüyü kimi hava məkanına hakim olmaqdır. Bu sistem Azərbaycan və Türkiyə HHQ-nə öz hərəkətlərini əlaqələndirməyə və vahid şəkildə hərəkət etməyə imkan verəcək. Eyni zamanda, istənilən təhdid barədə vaxtında xəbərdar olmağa, aşkar olunan təhlükələrin dərhal zərərsizləşdirilməsinə şərait yaradacaq”.

Gürcüstan da “HAKİM”ə qoşulacaq?

Ə.Əzizov qeyd etdi ki, 1995-ci il fevralın 10-da Alma-Atıda imzalanmış saziş əsasında Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Birgə HHM Birliyi yaradılıb: “Azərbaycan, Gürcüstan və Moldova bu birliyə daxil deyil. Vahid regional HHM sistemlərinin yaradılması istiqamətində daim iş aparılır. Bundan irəli gələrək, 2013-cü ildə Rusiya Qazaxıstanla, 2015-ci ildə Ermənistanla, 2016-cı ildə Belarusla, 2021-ci ildə Tacikistan və 2023-cü ildə Qırğızıstanla ayrıca olaraq HHM sistemlərini birləşdirmək haqqında saziş imzalayıb. Yəni, Azərbaycanın ətrafinda olan qonşu ölkələr, İran və Gürcüstan istisna olmaqla, artıq vahid HHM sistemində birləşib. Hazırda MDB ölkələri hava-kosmik müdafiə problemlərini həll etmək üçün vahid hava hücumundan müdafiə sisteminin mövcud təhdidlərə uyğunlaşdırılmasını həyata keçirirlər. Bölgədə daha çox marağı olan və daim təhdid dili ilə danışan İran bundan sonra həm siyasi, həm də hərbi addımını atmamışdan öncə dərindən düşünməli olacaq. Çünki bundan sonra qarşısında tək Azərbaycanı deyil, həm də onun müttəfiqi və qardaşı olan Türkiyəni görəcək. Bu layihə Rusiya-Ermənistan birliyinin, İranın təhdidlərinə layiqli cavab verməyi təmin edəcək”.

Regiondakı digər ölkələrin bu layihəyə münasibəti məsələsinə toxunan hərbi ekspert dedi ki, heç bir ölkə qonşuluğunda olan ölkənin özündən güclü olmasını istəmir: “O cümlədən, ətrafımızda olan və tarixən bizə qarşı məkrli siyasət aparan Rusiya, İran və Ermənistanın bu layihənin həyata keçirilməsinə münasibəti mənfidir. Gürcüstana gəlincə, o, həm Azərbaycanla, həm də Türkiyə ilə ikitərəfli-üçtərəfli hərbi əməkdaşlığın inkişafında maraqlıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri