15 
İyl
2023
14:40
103
12
1613
Virtual karabakh

Kilsə Paşinyana qarşı: Savaş artıq açıq müstəviyə keçib - “Kaspi”nin TƏHLİLİ + FOTO

15 İyl, 2023
14:40
1613

Kilsə Paşinyana qarşı: Savaş artıq açıq müstəviyə keçib - “Kaspi”nin TƏHLİLİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda baş nazir Nikol Paşinyanla kilsə rəhbərliyi arasında ziddiyyətlər kəskinləşir. Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edən Paşinyan revanşist erməni rahiblərin hədəfinə çevrilib.

2020-ci il müharibəsindəki məğlubiyyətdən sonra erməni kilsəsi ilə baş nazir Nikol Paşinyan arasında ziddiyyət kəskinləşməyə başlayıb. Bu yaxınlarda isə Kilikiya Evinin baş keşişi I Aram “Bu gün bizə insan lazımdır. İnsan və lider çatışmazlığı hiss edilir” açıqlaması ilə tərəflər arasında uçurumun getdikcə dərinləşdiyini sətiraltı ehtiva edib. Erməni apostol kilsəsi erməni xalqının kimliyinin əsas elementi sayılır. Ermənilər düşünürlər ki, məhz kilsə sayəsində milli kimliklərini qoruyub-saxlaya biliblər. Elə bu səbəbdən Ermənistanın ictimai və siyasi həyatında erməni kilsəsinin çox böyük rolu var və gedən proseslərə ciddi nüfuz edə bilir. Amma bu gün erməni kilsəsi ilə dövlət arasında böyük bir uçurum yaranıb. Münasibətlər elə bir həddə gəlib çatıb ki, “Kilsə Paşinyanı danışdırmır” fikri erməni cəmiyyətinə hakim kəsilib. Tərəflər arasında münasibətlər isə 2018-ci ildən kəskinləşməyə başlayıb.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Paşinyanın kilsəyə silsilə hücumları

2018-ci il Qərbin və Soros Fondunun diktəsi ilə həyata keçirilən inqilabdan sonra Paşinyan və komandası Ermənistanda hakimiyyətə yiyələnib. Yeni hakimiyyət elitasının böyük əksəriyyətinin əvvəldən Qərbdəki sponsorlarından asılılığı Paşinyan komandasına erməni Qriqoryan kilsəsinin rəhbəri II Qareginlə münasibətlər qurmağa imkan verməyib. Əlində dövlət gücü olan hakim elita kilsəyə silsilə hücumlar təşkil etməyə başlayıb. Əvvəlcə katolikos cangüdənlərindən məhrum edilib, sonra isə erməni kilsəsinin tarixinin məktəb fənləri siyahısından çıxarılmasına cəhd edilib. İqtidar kilsəni ölkədəki siyasi proseslərə qarışmaqda da ittiham etməyə başlayıb. 2020-ci il müharibəsindəki acı məğlubiyyətdən sonra kilsə ilə Paşinyan arasında ziddiyyətlər daha da kəskinləşib. Kilsə məğlubiyyəti həzm edə bilməyib və Paşinyanın istefasını tələb edib. Hərəkətə keçən ruhani kəsim gah Sarkisyanla, gah Ararat Mirzoyanla, gah da “Mənim addımım” fraksiyasının üzvləri ilə danışıqlar apararaq Paşinyanın istefasını gündəmə gətirib, onun hakimiyyətdə qalmasını erməni xalqının tarix səhnəsindən silinəcəyi ilə xarakterizə edib. Bu görüşlər və kilsənin atdığı addımlar Paşinyanın nəzərindən yayınmayıb. Baş nazir kilsədən qisas almaq üçün müəyyən planlar qurmağa başlayıb.

II Qaregin Koçaryanı ölkədən qaçırtmağa çalışıb

Katolikos II Qaregin keçmiş prezident Robert Koçaryanla əlaqədar (ölkəni tərk etməsinə qoyulan qadağa ilə bağlı qərarın ləğvi) Paşinyana müraciət ünvanlasa da, baş prokurorluq belə bir şeyin mümkün olmadığı açıqlamasını verib. Ardınca Milli Təhlükəsizlik Xidməti erməni apostol kilsəsinin nüfuzlu rahiblərindən birinə qarşı dələduzluq maddəsi ilə iş açıb. Cinayət işinə görə, rahib 22 milyon dollarlıq dələduzluqda şübhəli bilinib. Paşinyan və komandasının fikrinə görə, kilsə bu yolla Koçaryanın ölkədən qaçmasına şərait yaratmaq, onu adı hallanan cinayət işlərindən yayındırmaq məqsədi güdüb. Koçaryan da müharibədəki məğlubiyyəti fürsət bilərək yenidən hakimiyyət sevdasına düşənlərdəndir. Paşinyan isə Koçaryana qarşı əlindəki rıçaqlardan istifadə etməkdən çəkinmir. Erməni kilsəsi Rusiyanın Qafqazdakı sadiq müttəfiqi sayılır. Bununla yanaşı, diaspor və Qərbin müəyyən dairələri də kilsə ilə əməkdaşlıq edir. Paşinyanın bu gün qarşısında duran iki böyük əngəl var: Serj Sarkisyan və II Qaregin. Baş nazir hər iki “rəqibi”ni neytrallaşdırmaq üçün müxtəlif addımlar atır. Serj Sarkisyana qarşı müxtəlif cinayət işləri açılır, istintaq komitəsi eks-prezidenti dindirməyə dəvət edir. Bununla da Paşinyan Serji sakit durmağa çağırır, əks halda aqibətinin dəmir barmaqlıqlar olacağına işarə edir. Kilsəyə qarşı isə baş nazir daha radikal addımlar atır. Yuxarıda da qeyd etdiyimiz kimi, məktəb dərsliyindən “Erməni Kilsəsinin Tarixi” fənni çıxarılıb. Paşinyan kilsənin bütün erməniləri birləşdirmək missiyasına da şərik çıxır. Hələ 2019-cu ildən “ümumerməni ideyası” ilə bağlı reklam kampaniyalarına start verilib. Çoxsaylı diaspor səfərləri Paşinyanın bu imicinə töhfə verməli idi. Bu kampaniyaya kilsə cəlb edilməyib. Amma bu plan fiaskoya uğrayıb. Dünyanın bir sıra ölkələrində dayağı, siyasi dairələrlə əlaqələri olan kilsə erməni konsolidasiyası məsələsində Paşinyanın əsas rəqibinə çevrilib.

Kilsə ilə hakimiyyətin heç bir əlaqəsi yoxdur

Paşinyanın Azərbaycanla hərtərəfli sülh sazişi imzalamağa hazır olduğunu və Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdığını bəyan etməsi də kilsənin xoşuna gəlməyib. Onlar açıq-aşkar hücuma keçərək bir sıra tələblər irəli sürməyə başlayıblar. Bu tələblərin başında Paşinyanın istefası dayanır. Müxalifətin tərəfinə keçdiyini bildirən kilsə hakimiyyəti danışıqlar zamanı milli maraqlara xəyanətdə ittiham edir. İqtidar isə buna cavab olaraq din xadimlərini dünyəvi dövlətin idarəçiliyinə müdaxilədə ittiham edir və kilsə əmlakının bir hissəsini vergiyə cəlb etməyi düşünür. Tavuş yepiskopu Baqrat Qalstanyan deyir ki, hazırda kilsə ilə hakimiyyət arasında heç bir əlaqə yoxdur. Kilsə üçün hakimiyyətin Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə nəticələnən həll prosesinə yanaşması qəbuledilməzdir. Bu söz duelindən məlum olur ki, tərəflər arasında savaş artıq açıq müstəviyə keçib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri