Dek
2023
17:08
26
111
1422
Virtual karabakh

“Gecələr yata bilmirdim, elə bilirdim ki, yatsam, oyananda Laçında olmayacağam” - FOTOREPORTAJ

1 Dek, 2023
17:08
1422

“Gecələr yata bilmirdim, elə bilirdim ki, yatsam, oyananda Laçında olmayacağam” - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Laçının işğalda olması sağalmaz yara, dərd, faciə idi. Bu yanğı Laçına həsr edilən mahnılardan daha yaxşı hiss edilirdi. Sanki bu mahnılar ağı, rayonun düşmən tapdağında olmasına qarşı bir etiraz və Laçına layla idi.

Bütün Azərbaycan xalqı, o cümlədən yurdlarından ayrı düşmüş laçınlılar bu həsrətin sona çatacağı günü səbirsizliklə gözləyirdilər. Dərd, həsrət laçınlıları bu dünyada yersiz-yurdsuz etmişdi. Onlar didərgin olmuşdular, heç bir yer evləri deyildi, ocaqsız qalmışdılar. Xəstəliklərin, bəlaların qarşısında aciz və köməksiz idilər. Lakin ürəyimizin başında köz kimi alışan yurd həsrətinə, ayrılığa, didərginliyə son qoyulub, həsrətimiz vüsala qovuşub. Bu gün artıq Laçının azad edilməsindən üç il ötür.

Yolumuz əlçatmaz, vüqarlı, dağlar qoynundakı Laçınadır. Laçını ona görə vüqarlı adlandırırlar ki, dağları, uca zirvələri ermənilərə hər zaman gözdağı olub.

Uzun və çətin yoldan sonra əlçatmaz qala kimi dayanan Laçına çatırıq. İşğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni Laçın torpağına yeni bir həyat qayıdıb. Hazırda burada genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Laçın Azərbaycanın ən qaynar nöqtəsinə dönüb. Mərkəzi hissədə tikilən evlər, yeni yolların çəkilməsi, bir sözlə, Laçında qızğın iş gedir. Hər kəs iş başına çatmaq üçün tələsir. Bu gün Laçın başqadır, əvvəlkindən fərqli, daha möhtəşəmdir.

Hazırda Laçında işğalın izləri silinir. Burada olarkən belə bir təəssürat yaranır ki, Laçın sanki hər zaman laçınlıların olub. Laçın yalnız laçınlıların faciəsi deyildi və sakinləri olmadığı 28 il ərzində dərin bir yuxuya getmişdi. İndi isə oyanıb, öz sakinlərinə qucaq açır.

Laçında doğulub boya-başa çatdığı yurda, dədə-baba ocağına qayıdan Laçın sakini İradə Poladın ailəsinin qonağıyıq. İradə xanım bizi çox mehribanlıqla qarşılayır.

Söhbətimiz zamanı o, bu il iyulun 18-də ailəsi ilə birlikdə Laçına köçdüyünü deyir:

“Laçını 30 il əvvəl məcburi şəkildə tərk etdik. Şəhəri ermənilər bombalayırdılar. Buradan uşaqlarımı götürüb çıxdığımı xatırlayıram, evimdən heç nə götürməmişdim. Sonradan qohumlar bizə bir xalça gətirdilər. Həmin xalçanın necə Laçından çıxarılmasından isə xəbərim yoxdur. Bu xalça göz bəbəyimə çevrildi. Hər yerə bu xalçanı sərirdim, ilmələrində, rənglərində itirdim, xalçada ümidlərimi, arzularımı tapırdım. Xalçaya baxanda sanki Laçınımı görürdüm”.

Həmsöhbətimiz bildirib ki, valideynləri, qayınatası, qayınanası Laçın dərdi ilə vəfat ediblər:

“Böyüklərimiz arzu edirdilər ki, doğma torpaqlarımıza qayıdaq. Onlar deyirdilər ki, təki Laçın azad edilsin, biz bir çadır qurub yaşamağa razıyıq. Deyirdilər ki, çadırda yaşamaq saraylarda yaşamaqdan daha üstündür”.

“Mən ən gözəl illərimi ağrı ilə, həsrətlə keçirmişəm. Bu evimizə təzə gəlin gəlmişdim. Bir neçə ilin gəlini idim, uşaqlarım körpə idilər. Hər şeyimiz bir anda məhv oldu. Həyata sıfırdan başladıq. Çətinliklər, həsrət insanı tez böyüdür. Laçını tərk edəndə düşünmürdüm ki, doğma torpağım olmadan bir ömür sürəcəyəm. Hesab edirdim ki, geri qayıdacağıq. Əvvəllər rayonumuza qayıtmaq ümidi daha güclü idi, daha sonra bu ümid həsrətə, Laçınsız qalmaq qorxusuna çevrildi. Daha sonra isə bu qorxu hissi çarəsizliyə döndü. Həsrətimin qarşısında çarəsiz, aciz idim. Mən elə bilirdim ki, bir də Laçını görməyəcəyəm.

Bakıda evimiz də var idi, ancaq yurdsuz idim. Yuxularımda bir dağa çıxırdım, o dağın digər tərəfi Laçın idi. Mən qaçaraq elimə qovuşurdum. Laçının küçələrində dolaşırdım, qaçaraq evimizə girirdim. Bu yuxuları 30 il ərzində görmüşəm. Amma əlim Laçına heç bir vaxt çatmayıb. Bura mənim gəncliyim, uşaqlığım idi. Ən gözəl və xoş günlərimin şahidi idi. Hər yer gözəldir, amma vətən bir başqa şirindir, dağı, daşı, suyu adama elə doğma gəlir ki, sən özünü tamamlanmış hiss edirsən. Elə bil ki, sən bu torpaqdan yaranmısan və buradan ayrı yerdə yarımçıq qalırsan. Yurdumu düşünmədiyim bir an belə yox idi. Hər yerdə Laçını axtarmışam. Laçında gördüklərimlə oxşarlıq tapanda sevinmişəm. Özümü ovuda-ovuda yaşamışam. Düşünürdüm ki, mən başqa bir torpağın olacağam. Vətənsiz öləcəyəm. Çox şükür ki, Allah mənə yurdumda yaşamağı qismət elədi”, - İ.Polad deyib.

O, torpaqların azad edilməsini böyük sevinc hissi ilə qarşıladığını söyləyir:

“Laçının azad edildiyi gün mənim ömrümün ən gözəl günü idi. Yurduma dönəcəyim günü artıq səbirsizliklə gözləməyə başladım. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən mənə zəng eləyib dedilər ki, eviniz tam hazırdır. Mən doğma rayonuma qayıtmağıma inanmadım. Bu il iyulun 18-də səhər tezdən Laçına yola düşdük. Bütün yolboyu düşünmüşəm ki, bəlkə, bu yuxudur. Doğrudanmı evimizə qayıdıram?! Artıq azad edilmiş ərazilərə daxil olanda reallığa bir addım yaxın olduğumu hiss etdim. Yolboyu dağıdılmış evləri görəndə adamı vahimə bürüyür. Bu torpaqlara necə belə zülm etmək olardı?! Uzun bir yoldan sonra Laçına çatdıq. Rayona daxil olanda mən dünyaya yenidən göz açan uşaq kimi oldum, sevincim yerə-göyə sığmırdı. Əzəmətli yurdum sanki qollarını açıb məni qucaqlayır. Laçında olmaq, buranın bir parçası olmaq necə də gözəldir. Burada şəhid olanların və Vətən həsrəti ilə dünyadan köçənlərin ruhları da bizimlə idi. Bütün arzularım, yuxularım çin oldu. Bu sevincə, xoşbəxtliyə görə Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə borcluyuq”.

İ.Polad deyir ki, burada açılan hər səhər gözəldir:

“Hər zaman deyirdim ki, Laçına qayıdım, oranı ayaqyalın gəzəcəyəm. Bir həftə ərzində buranı tam gəzdim. Gecələr yata bilmirdim, elə bilirdim ki, yatsam, oyananda Laçında olmayacağam. Buraya qayıtmağım möcüzə idi. Mən bu evə gəlin gəlmişdim, buraya köçəndən sonra işğaldan əvvəl evimizin dizaynına, mebellərin formasına uyğun şəkildə evi formalaşdırdım. Həyətimizdə əvvəl hansı güllər var idisə, yenidən əkdim. Laçındakı evlərin bir xüsusiyyəti var ki, buradan açılan hər bir pəncərəyə uyğun mənzərə olur. Arzu edirəm ki, bu gözəllikləri görmək, yaşamaq bütün laçınlılara nəsib olsun. İşğaldan əvvəlki qonşularımız artıq qayıdıblar və hazırda mehriban şəkildə yaşayırıq. Bir qonşu samovar yandıranda, isti təndir çörəyi olanda digərini qonaq çağırır. Hamımız bir ailə kimiyik”.

Keçmiş məcburi köçkün qeyd edir ki, Laçının gələcəyi çox parlaq olacaq:

“Arzu edirdim ki, nəvələrim buranı görsünlər. Artıq onlar Laçında məktəbə gedirlər. Böyüyəndə Laçının inkişafına töhfələrini verəcəklər. Laçında yeni iş yerləri yaradılır. Hər gün infrastruktur layihələri icra edilir. Bizim məhəllədə hər hansı bir iş görüləndə ustaların yanına gəlirəm, onlara hansısa formada dəstək olmağa çalışıram ki, təki Laçınımın yenidən qurulmasında zərrə qədər də əməyim olsun. Düşünürəm ki, rayonumuz gələcəkdə Azərbaycanın turizm mərkəzi olacaq. Dağları, soyuq havası, təmiz səması ilə Laçın Azərbaycanın ən gözəl diyarıdır. Mən Laçını Azərbaycanın İsveçrəsi olaraq görürəm”.

Laçın artıq özünün daha möhtəşəm mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin buraya xüsusi diqqətini həyata keçirilən genişmiqyaslı işlərin səviyyəsindən görmək mümkündür. Laçına bu ay ərzində artıq iki dəfə köç olub. Bütün laçınlılar Laçına dönəcək və buranı yenidən çiçəkləndirəcəklər. Əminəm ki, növbəti dəfə Laçını daha fərqli və möhtəşəm görəcəyəm.

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri