14 
Dek
2023
17:12
46
19
2016
Virtual karabakh

Milli Məclisin komitəsi hərbi qanunvericiliyə təklif olunan dəyişikliyi müzakirə edib

14 Dek, 2023
17:12
2016

Milli Məclisin komitəsi hərbi qanunvericiliyə təklif olunan dəyişikliyi müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Komitə sədri Ziyafət Əsgərov gündəliyə altı məsələnin daxil olduğunu deyib və həmin məsələləri diqqətə çatdırıb.

Əvvəlcə Ziyafət Əsgərov Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət Nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

O, sənədin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edildiyini söyləyib və layihədə adıçəkilən qanunvericilik aktlarına təklif olunan dəyişikliklər barədə danışıb.

Komitə sədri bildirib ki, Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan düzəlişlərdə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, əldə etmə, saxlama, daşıma kimi qanunazid əməllərə görə, habelə, Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların müharibə vaxtı və ya döyüş şəraitində yayılmasına görə cinayət məsuliyyəti müəyyən edilir.

Nəzərə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə inzibati məsuliyyət müəyyən edilir.

Yuxarıda göstərilənlərlə əlaqədar dövlət orqanları tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması halları məsuliyyətə səbəb olmur.

Qeyd olunub ki, layihədə Silahlı Qüvvələrə dair məlumatların yayılmaması ilə bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət Nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara da müvafiq dəyişikliklər nəzərdə tutulub.

Məsələ ətrafında müzakirələrdə komitənin sədr müavini Hikmət Məmmədov, üzvləri Erkin Qədirli, Elşad Mirbəşiroğlu, Aqil Abbas, Nurlan Həsənov, Aydın Mirzəzadə çıxış ediblər. Deputatlar məsələnin aktuallığını və təhlükəsizlik baxımından əhəmiyyətini qeyd ediblər.

Komitə sədri Ziyafət Əsgərov və iclasda iştirak edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Sonra Ziyafət Əsgərov Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, Prezident tərəfindən təqdim olunmuş qanun layihəsi həqiqi hərbi xidmətə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.

Təklif edilən dəyişiklikdə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş, zabit vəzifəsinə təyin edilmiş tam orta təhsilli (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra kiçik leytenant hərbi rütbəsinin verilməsi imkanı yaradılır.

Gündəlikdəki növbəti məsələni - “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini (ikinci oxunuş) komitə üzvü Arzu Nağıyev diqqətə çatdırıb. Qanun layihəsində hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmətkeçmə müddətləri ilə bağlı dəyişikliklər nəzərdə tutulub.

Sonra komitə sədri Ziyafət Əsgərov “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O qeyd edib ki, qanun layihəsində iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsi dəqiqləşdirilir və buraya hərbi məhsulları işləyib-hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda, bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin bu işi təşkil edən müəssisələr və onların maliyyə hesabatları da aid edilir.

Ziyafət Əsgərov “Milli təhlükəsizlik haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edərək, bildirib ki, ölkəmizin qoşulduğu “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasında “dəniz ətraf mühiti” ifadəsinin işlənildiyi nəzərə alınaraq, sənəddə müvafiq dəyişikliyin edilməsi təklif olunur.

Sonra komitə sədri “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Bildirilib ki, sənəddə “Dövlət ehtiyatları haqqında” qanunla tənzimlənən məsələlər müvafiq qanunlardan çıxarılır və bir sıra terminlər dəqiqləşdirilir.

Gündəliyə daxil olan altı qanun layihəsinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Əminə Ağazadə, Elman Məmmədov, Bəxtiyar Sadıqov və digər rəsmi şəxslər iştirak ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri