19 
Mar
2024
23:32
60
23
1484
Virtual karabakh

IRENA-nın baş direktoru: “Azərbaycanın COP29 konfransını uğurla keçirməsi üçün hər cür imkanı var” - MÜSAHİBƏ

19 Mar, 2024
23:32
1484

IRENA-nın baş direktoru: “Azərbaycanın COP29 konfransını uğurla keçirməsi üçün hər cür imkanı var” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) qlobal miqyasda enerji sisteminin transformasiyasının aparıcı qüvvəsi və əməkdaşlıq üçün başlıca platforma kimi qabaqcıl təcrübə mərkəzi rolunu oynayaraq bu sahədə siyasət, texnologiya, resurslar və maliyyə imkanları haqqında bilikləri bir yerə toplayan hökumətlərarası təşkilatdır.

IRENA dayanıqlı inkişaf, enerjiyə çıxış, enerji təhlükəsizliyi və aşağı karbon emissiyalı iqtisadi artım və rifah hədəflərini rəhbər tutaraq bioenerji, geotermal, hidroenergetika, okean, günəş və külək enerjisi də daxil olmaqla bərpaolunan enerjinin bütün növlərinin geniş yayılmasını və davamlı istifadəsini təşviq edir. Yarandığı dövrdən indiyə kimi təşkilata artıq 168 ölkə və Avropa İttifaqı (Aİ) üzv olub. Azərbaycan 2009-cu ildən IRENA-nın üzvlüyünə qəbul edilib və 2014-cü il mayın 2-də Milli Məclisin qərarı ilə IRENA-nın nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub. Ötən il yanvarın 14-15-də keçirilən IRENA Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.

XI Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə rəsmi səfər edən IRENA-nın baş direktoru Françesko La Kamera AZƏRTAC-a müsahibə verib.

Müsahibədə baş direktor Azərbaycanla IRENA arasında əməkdaşlığın genişləndirilməsi, enerji keçidinin sürətləndirilməsi, eyni zamanda, yaşıl enerji texnologiyalarına qlobal investisiyalar və Bakının ev sahibliyi edəcəyi COP29 barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik:

- Gündəmdə Azərbaycanla IRENA arasında əməkdaşlığın genişləndirilməsi var. Bu əməkdaşlıq çərçivəsində IRENA Azərbaycana nə kimi dəstək göstərir və göstərəcək?

Bizim fəaliyyətimiz çox genişdir. İntellektual potensialımız 2025-ci ildə ölkələrə öz milli səviyyələrində verdikləri töhfələri (NDİC) nəzərdən keçirməyə xidmət edə bilər. Biz həmçinin Azərbaycanda bərpaolunan enerjiyə sərmayə qoyuluşunu təşviq edə bilərik. Beləliklə, Azərbaycanla birgə əməkdaşlığımız intellektual potensialdan və yerində icra olunan işlərdən ibarətdir. Biz Azərbaycanla əməkdaşlıq edirik, əməkdaşlığımız çox yaxşıdır. Azərbaycan həmçinin İRENA Şurasının üzvüdür.

- Azərbaycanla əlaqələrin genişləndirilməsi IRENA və Azərbaycan üçün hansı perspektivləri vəd edir?

- Biz region üzrə investisiya forumunu keçirməyi planlaşdırırıq və Azərbaycanı bu foruma ev sahibliyi etməyə dəvət edirik. Gördüyünüz kimi, əməkdaşlığımız bu istiqamətdə inkişaf edir.

- Az karbonlu enerji keçidini sürətləndirmək və davamlı inkişafa nail olmaq üçün hansı tədbirlər görülməlidir?

- Bu sualı hamıya, o cümlədən Azərbaycana da aid etmək olar. Biz bərpaolunan enerji mənbələrindən daha sürətli şəkildə istifadə etmək üçün struktur maneənin üç əsas sahəsini müəyyən etdik. Birincisi infrastrukturdur. Yəni bizim balanslaşdırılmış, bir-birinə sıx bağlı olan enerji sisteminə ehtiyacımız var. İkincisi, biz hələ də lazımi strategiyaları müəyyən etməmişik. Bundan əlavə, lazımi bacarıqlara və qurumların potensiallarına hələ də malik deyilik. Üçüncüsü, universitetlərimizin tədris planı köhnə enerji sisteminə bağlıdır. Həmin istiqamətlər üzrə inkişaf etməliyik.

- Enerji səmərəliliyi də daxil olmaqla yaşıl enerji texnologiyalarına qlobal investisiyalar 1,3 trilyon dollara çatıb. Bu, yeni rekorddur. Bununla belə, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün investisiyalar neçə dəfə artmalıdır?

- Biz bütöv sistemdən danışarkən sərmayələri dörd dəfə artıraraq 5,2 trilyon dollara çatdırmalıyıq. Ötən il bərpaolunan enerjinin tutumu əvvəlki ilə nisbətən 60 faizdən çox təşkil edərək rekord il oldu ki, bu, çox böyük irəliləyişdir. Biz düzgün istiqamətdə irəliləyirik. Əsas problem vaxtdır. Hansı istiqamətdə gedəcəyimiz barədə şübhə yoxdur. Məsələ ondan ibarətdir ki, bizim iqlim dəyişikliyi ilə bağlı problemimiz var ki, bu da bizi CO2 emissiyasını çox sürətlə azaltmağa məcbur edir. Yəni istiqamət düzgündür, lakin sürəti və miqyası istədiyimiz kimi deyil. Beləliklə, biz enerji keçidini sürətləndirməli və genişləndirməliyik.

- Enerji keçidini uğurla həyata keçirmək, qlobal temperatur artımını 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq və Paris Sazişinin həyata keçirilməsi üçün yeni hansı tədbirlərin görülməsi mütləqdir? IRENA-nın enerji keçidi üçün əsas prioritetləri haqqında ətraflı məlumat verə bilərsiniz?

- Bizim prioritetimiz müəyyən etdiyimiz üç struktur maneənin aradan qaldırılmasıdır: infrastruktur, siyasət və bacarıqlar. Həmçinin müzakirə etdiyimiz xətt üzrə infrastrukturun yenilənməsi və gücləndirilməsinə dəstək verə biləcək çoxtərəfli maliyyə qurumları haqqında düşünməliyik.

- Təmiz hidrogen, davamlı biokütlə tətbiqləri və bərpaolunan enerji qurğularının sürətləndirilməsi üçün daha hansı addımlar atılmalıdır?

- Təbii olaraq, hidrogen hələ də tam rəqabətqabiliyyətli deyil. Biz hidrogen istehsalının maya dəyərinin aşağı düşdüyünü müşahidə etdik. Bəzi sahələrdə artıq rəqabətlidir, lakin ümumiyyətlə desək, yaşıl hidrogenə olan tələbatı dəstəkləmək, bazarı istiqamətləndirmək, yaşıl hidrogenə kifayət qədər tələbat təmin etmək üçün strategiyalara ehtiyacımız var.

- Bildiyiniz kimi, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 keçiriləcək. COP29-dan gözləntiləriniz nələrdir?

- Mən artıq bir neçə dəfə Azərbaycana səfər etmişəm. Mənim ölkənin energetika naziri ilə gözəl şəxsi və işgüzar münasibətlərimiz var. Azərbaycanın və onun hökumətinin COP29 konfransını uğurla keçirilməsi üçün hər cür imkanları var. Məqsədlər çox aydındır. Yeni maliyyə öhdəliyi barədə qərar verməliyik. Digəri isə harada olduğumuzu və yeni nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDİC) qarşıdakı mövsümündə daha da irəli getmək barədə düşünməliyik. Əminəm ki, qarşıdan gələn COP tədbiri buna zəmin yaradacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri