Apr
2024
14:40
52
73
1092
Virtual karabakh

Nikol Paşinyan Brüsselə “əlidolu” gedir: Əsas oxlar Moskvaya tuşlanıb - ŞƏRH + FOTO

3 Apr, 2024
14:40
1092

Nikol Paşinyan Brüsselə “əlidolu” gedir: Əsas oxlar Moskvaya tuşlanıb - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin iştirakı ilə görüş olacaq. Rəsmi olaraq açıqlanan gündəm erməni dövlətinin inkişafına və sabitliyinə töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi olsa da, əsas məqsədin Azərbaycan və Rusiyaya qarşı olacağı gün kimi aydındır. Bunu həm Qərb rəsmilərinin açıqlamalarından, həm də son günlər Ermənistanda baş verən hadisələrdən başa düşmək çox asandır. Bir neçə gün əvvəl Danimarkanın baş naziri və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin diaspor pulları ilə rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi”nin hesabatı ortaya çıxdı. Hesabatda yer alan maraqlı məqamlardan biri də rəsmi İrəvanın Qərbə doğru inteqrasiyası ilə bağlı idi. Aİ isə bu məsələdə erməni dövlətini dəstəkləməkdə maraqlıdır. Brüssel görüşü öncəsi belə bir hesabatın ortaya çıxması da təsadüfi deyil. Çox güman ki, Paşinyan bu görüşlə ABŞ və Aİ-dən təhlükəsizlik zəmanəti almağa ümid edir. Yeri gəlmişkən, erməni mətbuatının məlumatına görə, Brüssel görüşündə NATO-nun Baş katibi Yens Stoltenberq də iştirak edəcək. Bu səbəbdən də Ararat Mirzoyanın “Ermənistan NATO-ya üzv olmaq ehtimalını nəzərdən keçirmir” açıqlaması da məhz bu xəbərə hesablanıb.

Qeyd etmək yerinə düşər ki, artıq bir neçə gündür həm Birləşmiş Ştatların, həm də Avropanın bir sıra rəsmiləri görüşün erməni iqtisadiyyatının artırılmasına həsr edilməsindən də danışırlar. Yəqin ki, görüş zamanı Ermənistana müəyyən miqdarda sədəqə veriləcək ki, sosial təlatümlərin qarşısı alınsın. Eyni zamanda əgər Avropa bütün qapılarını erməni dövləti üçün açırsa da, bu, elə də ciddi və əhəmiyyətli bir iqtisadi addım deyil. Çünki Ermənistan iqtisadiyyatının Avropaya ixrac üçün heç bir məhsulu və malı yoxdur. Qərb sadəcə Rusiyaya qarşı yeni müttəfiqlər tapmağa çalışır və erməni dövləti növbəti qurban sayıla bilər.

Rəsmi təbliğatçılar və hakimiyyətin qərbyönümlü qanadı elə bir təbliğat fonu yaradıblar ki, guya bu görüş Ermənistanın xilasının qapısı olacaq. Qərb qrantları ilə fəaliyyət göstərənlər üçün isə xilas anlayışı sırf Rusiyadan ayrılmaqdır.

Görüşdən sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), sonra isə Avrasiya İqtisadi İttifaqından rəsmən çıxması prosesi başlaya bilər. Qeyd etmək yerinə düşər ki, bu iki addım Rusiya ilə yanaşı, Azərbaycanın da milli maraqlarına qarşı yönəlib. Rəsmi İrəvan qonşu dövlətlərin milli maraqlarına birbaşa təsir edəcək yolla gedə bilər. Bu isə Cənubi Qafqazdakı vəziyyəti daha da gərginləşdirə bilər. Bununla da Qərb “odun üstünə benzin tökmək” siyasətini bir daha davam etdirdiyini sübut edəcək.

Yuxarıda da qeyd etdiyimiz kimi, Brüssel görüşü Azərbaycan və Rusiyaya qarşı yönəlib. Məsələni bir az da açaq. Ehtimal edilir ki, bu görüş zamanı erməni tərəfinin itkilərinə görə Rusiya yenidən “günah keçisi” elan ediləcək. Bununla da KTMT və Aİİ-dən çıxmaq üçün hüquqi baza formalaşdırılacaq. Ümumiyyətlə, son illər Paşinyanın Avropa qitəsində keçirdiyi görüşlərin əksəriyyəti erməni xalqının yox, Ermənistan-Rusiya maraqlarına hesablanıb. Təsadüfi deyil ki, elə 1 aprel tarixində XİN başçısı Ararat Mirzoyan bəyan etdi ki, “Bu gün biz Rusiya ilə eyni dildə danışmırıq. Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil”. Artıq erməni KİV-lərində az qala hər gün ictimaiyyəti “hər şeyin günahkarı rusiyalılardır” deyə inandırmağa çalışırlar. Üstəlik son bir neçə gün ərzində Nikol Paşinyanın və yaxın ətrafının açıqlamalarından belə bir təəssürat yaranır ki, cəmiyyətə qorxu aşılamağa çalışılır və buna zəmin yaradılır. Gələcəkdə isə bu məsələdə də Kremlin günahlandırılacağı indidən aydındır. Artıq bəzi istiqamətlərdə rusiyalıları “incitmək” aksiyalarına start verildiyi barədə məlumatlar var. Söhbət həm Rusiya silahlı kontingentinə, həm də müxtəlif müəssisələrə qarşı atılan və atılacaq addımlardan gedir.

Məsələn, bu yaxınlarda Rusiya Silahlı Qüvvələrinin Ermənistanda xidmət edən hərbçilərindən birinin mənzilində axtarış aparılıb. Maraqlıdır ki, bu barədə 102-ci bazanın hərbi komandanlığı məlumatlandırılmayıb. Eyni zamanda hərbi qulluqçuların ailələrinin və övladlarının tibbi xidmətdən istifadə siyahılarında ixtisarlar edilib.

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Bu isə sərhəddə gərginlik yaratmaq, Azərbaycanı təxribata cəlb etmək üçün atılan addımlardır. Eyni zamanda erməni ordusu Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabat və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atəşə tutub.

Eyni zamanda rəsmi İrəvanın müxtəlif rəsmi simalarının dilindən dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı bir-birini təkzib edən bəyanatlar səsləndirməsi, erməni müxalifətinin hərəkətə keçərək məsələ ilə bağlı təcili iclas çağırması, paytaxtda bir sıra kiçikmiqyaslı etiraz aksiyalarının keçirilməsini də siyahıya əlavə etmək olar.

Yuxarıda sadalanan hadisələrin Brüssel görüşü ərəfəsində baş verməsi qətiyyən təsadüfi deyil. Göründüyü kimi, N.Paşinyan Avropaya “əliboş” səfər etmək istəmir. Görüşdə ağalarının qarşısında hesabat verəndə istəkləri yerinə yetirdiyini, buna davam istəyini etiraf edəcəyi ehtimal edilir. Çünki həm Rusiya ilə ipləri tam qoparmaq, Azərbaycanı təxribata çəkmək, sülh müqaviləsini ləngitmək son illər ərzində erməni siyasətçinin Qərb qarşısında götürdüyü əsas öhdəliklərdən sayılır. Yəqin ki, erməni tərəfinin Azərbaycanı təxribata cəlb etmək cəhdləri bununla da məhdudlaşmayacaq.

Görüşün nəticəsində Avropa erməni dövlətinə müəyyən məbləğdə maliyyə ayıra bilər. Amma unutmaq lazım deyil ki, 6 il əvvəl də 2,6 milyard dollar vəd edilsə də, 6 ildən sonra cəmi 500 milyon dollar verilib. Qərbin birdən-birə Ermənistana hərbi dəstək verməyə hazır olacağını gözləmək də avantüradan başqa bir şey deyil.

Hələlik isə N.Paşinyanın təbliğat maşını Brüssel görüşünün tərifini göylərə qaldırır, anti-Rusiya fəaliyyətini isə sürətləndirir. Azərbaycanın isə sərhəddə səbri ilə oynamağa başlayıb. Keçmişdən dərs çıxarmayan erməni siyasi elitası anlamalıdır ki, bu təxribatlar hər zaman Ermənistana baha başa gəlib. Görünür, nə dövlətin, nə də xalqın maraqları hakimiyyəti maraqlandırmır. Əsas olan meyar Qərbdəki ağaların sifarişini yerinə yetirməkdir.

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri