Ajda Pekkan ilə Coşkun Sapmaz 1973-ci ilin mart ayında İsveçrədə tanış olurlar. O zaman Ajda Pekkanın 28, Coşkun Sapmazın isə 19 yaşı var idi. Sevgililər oktyabr ayında evlənməyə qərar verirlər.

O dövrdə Türkiyənin ən zəngin ailələrindən biri olan Sapmaz ailəsi, oğulları Coşkunun Ajda Pekkan ilə evlənməsinə qarşı olduğundan cütlük nikaha gizli daxil olur.
İki sevən gənc 17 noyabr 1973-cü ildə Ajda Pekkanın çıxış etdiyi İstanbul Aksaraydakı kazinoda iki şahidlə nikaha imza atır. Şahidlərdən biri söz yazarı Fikrət Şenes, digəri isə kazinonun səhnə rejissoru idi.
Ancaq Coşkun Sapmaz ailəsini razı edə bilmir. Atası Əhməd Sapmaz bu evliliyə müqavimət göstərir və cütlüyə etdiyi təzyiq öz nəticəsini verir.
Nikahın ertəsi günü Coşkun Sapmaz ailəsini razı salmaq üçün Adanaya gedir.
Ajda Pekkan isə iki gün səssizliyini qoruyur. Üçüncü gün mediaya açıqlamasında “Bəli, Coşkunla evləndim. Bir-birimizi sevirik və çox xoşbəxtik” deyir.

Müğənni evliliyinin altıncı günündə isə mətbuata ərindən boşanacağını söyləyir. Məşhur müğənni həmin çətin günlərində hətta öz evində deyil, dostu Fikrət Şenesin evində gecələyirdi.
Ajda Pekkan bu mövzuda danışmadığı halda, Fikrət Şenes “Ajda məhv oldu. Kaş ki, bu evliliyə imza atmazdı. Boşanmaqda qərarlıdır. Ancaq gəlin, siz bunu ərinə izah edin. Qapının qarşısından ayrılmır. Ajda üçün çox kədərlənirəm. Səhnəyə iynələrlə çıxır” deyirdi.
Ancaq Coşkun Sapmaz bu mövzuda fərqli danışır və “Ajda məni tərk etmədi, mən onu tərk etdim. Hər şeyi düzgün ölçüb-biçsəydi, onunla bir ömür boyu birlikdə ola bilərdik” deyirdi.
Nəticədə bu sevgi də bir çox bənzərləri kimi “ölmüş eşqlər qəbiristanlığında dəfn olundu” və unudulub getdi… Beləcə, cütlüyün evliliyi bir həftə tamam olmadan bitdi…
Aytən Sadıqzadə