Qalmaqallı açıqlamaları ilə gündəmə damğa vuran stilist və vizajist Anar Ağakişiyev şou əhlinin geyim tərzini şərh edib.
Oxu.Az xəbər verir ki, “Xəzər” telekanalının “5/5” axşam şousunda qonaq olan stilist ekranda üzləri bağlı fotoları əks olunan bir neçə şou-biznes ulduzunu “sancıb”.
Müğənni Elnarə Xəlilovanın geyiminə Anar “Sanki sıradan bir tamaşaçı kimi geyinib. Müğənniyə oxşamır” reaksiyasını verib.
A.Ağakişiyev qalmaqal yaşadığı həmkarı - stilist və makiyaj ustası Elnur Həsənovun geyim tərzini bəyənsə də, köhnə məsələləri yada salaraq, onu da “iynələyib”:
“Elnur üzəri medallarla bəzənmiş maraqlı pencək geyinib. Arzu edirəm ki, onun medalları nə vaxtsa mənim qazandığım medallardan çox olsun. Təbii ki, bu, bir xəyaldır. Sözün düzünü dedim”.
Şəkildə üzü bağlı olan müğənni Nura Surinin səhnə obrazını Anar yarızarafat-yarıciddi bəyənmədiyini bildirib:

“Belə geyim tərzini müzakirə etmək olmaz. Fotoya baxıb anlaya bilmirəm ki, bu cür geyinərək, xanım sənətçi hara gedib? Zövqsüz müğənnidir”.
Daha sonra A.Ağakişiyev Nura Suri ilə bağlı səsləndirdiyi fikirlərinin zarafat olduğunu bildirib.

Rəşad Əliyev