Hollivud ulduzları Ancelina Coli və Bred Pittin 19 yaşlı qızı Şaylo Coli-Pitt rəsmi şəkildə yeni adını elan edib. O, bundan sonra "Şi Coli" adı ilə tanınacaq. Gənc xanım bu addımı Los-Ancelesdə məşhur moda evi "Isabel Marant"ın eksklüziv tədbirində xoreoqraf kimi çıxışı zamanı atıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə tədbirdən yayılan press-relizdən məlum olub.
Şi Coli tədbirə hazırladığı orijinal rəqs nömrəsi ilə qatılıb və iştirakçılar onu məhz bu yeni adla təqdim ediblər. Bu, onun şəxsi və yaradıcılıq yolunda mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, 2024-cü ilin mayında Şaylo 18 yaşına çatdıqdan sonra məhkəmə vasitəsilə atasının - Bred Pittin soyadından rəsmi şəkildə imtina etmiş və yalnız anasının soyadını - "Coli"ni saxlamışdı. İndi isə "Şi" adını seçməklə yeni bir kimlik formalaşdırmağa çalışır.
Şaylo uzun illər medianın diqqət mərkəzində olub. O, 2006-cı ildə Namibiyada anadan olub və uşaqlıqdan cəmiyyətin maraq dairəsindədir. 2014-cü ildə onun "Con" adını üstün tutduğu, daha sonra isə hormon terapiyasına başladığı xəbərləri yayılmışdı. Lakin son illərdə o, qadınsayağı obrazlarla ictimaiyyət qarşısına çıxmağa başlayıb.
Şi Coli valideynlərinin aktyor karyerasından uzaq duraraq, özünü tam şəkildə rəqs sənətinə həsr edib. Onun "Isabel Marant" nümayişindəki çıxışı bu istiqamətdə atdığı ciddi addımlardan biri kimi qiymətləndirilir.
Ailədaxili münasibətlər isə gərgin olaraq qalır. Məlumata görə, Bred Pitt qızının soyadını dəyişməsindən xəbər tutub və bu qərar onu kədərləndirib. Cütlüyün digər övladları - Maddoks, Zahara və Vivyen də Pitt soyadından imtina ediblər.
Ekspertlər Şaylonun yeni ad seçimini keçmişlə simvolik vidalaşma və şəxsi azadlığını vurğulayan bir jest kimi dəyərləndirirlər. Onun "Şi Coli" adı ilə sənət dünyasında irəliləyəcəyi gözlənilir.
