Oğurluq etməyimi özümə bağışlamıram.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Arif Quliyev “Düzünü desək” verilişinə açıqlamasında deyib:
“Hər bir insanın həyatında elə hallar olur ki, adam ya özünü, ya da başqasını bağışlamır. 1976-cı ildə 23 yaşım var idi. İncəsənət Universitetində oxuyur, yataqxanada qalırdım. Bir gün televizora baxırdım. Axşam saat 7-8 ərəfəsi idi. Yeməyə çörəyim yox idi. Bir də gördüm dənizi göstərirlər, dənizçilər balıq tutur. Fikirləşdim ki, o balıqlardan necə əldə edə bilərəm. Səhərdən də heç nə yeməmişəm. Düşündüm ki, axşamçağıdır, gedim vağzala, adamlar gələndə çamadanlarına kömək edim, nə versələr - balıq, çörək alım.
Yasamaldan piyada 28 May metrostansiyası tərəfə getdim. Pencəyim də yox idi, soyuquydu. Bu zaman iki nəfər məni itələdi ki, bu vaqonlar bizlikdir. Onları aldatdım ki, gedin onuncu vaqonda sizi çağırırlar. Yıxılmışdım, yazıqları gəldi, getdilər. Bir qadın mənə yeşiklər verdi ki, daşı. Birdən biri düşdü, yeşik dağıldı. Gördüm ki, balıqlar. Düşündüm: mənə bu, nə qədər pul verəcək ki, gedib balıq alacam. İkisini oğurladım. Oğurluq etdim. Gətirib içini təmizləmədən, köhnə qazan tapdım, suda qaynadıb yedim. Hələ də oğurluq etməyimi özümə bağışlaya bilmirəm”.